İsa Qəmbər : “Rüstəm bəyin məni dəstəkləməsi kimlərisə həyəcanlandırdı,
Həyəcanlanan qüvvələr təsiri ilə Rüstəm İbrahimbəyov mövqeyini dəyişdi”
“
“Mənim Milli Şuranın vahid namizədliyinə iddiam yoxdur. Biz “Rüstəm bəy-İsa Qəmbər” mövzusunu gündəmə gətirmirik”.Publika.Az xəbər verir ki, bu barədə Müsavat Partiyasının başqanı İsa Qəmbər “Azadlıq Radiosu”nun “İşdən sonra” proqramında deyib.
İsa Qəmbər iddia edib ki, hakimiyyət Milli Şuranın vahid namizədini qeydə almaya bilər: “Ona görə müxalifət bütün variantlara hazırlıqlı olmalıdır. Müsavat Partiyası məni bu ilin yanvar ayında prezidentliyə namizəd irəli sürüb. Bildirmişik ki, bu qərar qüvvədə qalır. Mən Milli Şuranın elə qərar verməsinin tərəfdarıyam ki, heç bir halda Milli Şura seçkidən kənarda qalmasın. Müsavat Partiyası tərəfindən irəli sürülən namizədliyim hələ qüvvədədir. Ciddi müzakirələrə ehtiyac var. Biz ancaq Müsavatın qərarını xatırlatdıq. Təbii ki, nəinki Rüstəm müəllim, eləcə də mənim də namizədliyimi qeydə almaya bilərlər”. Onun sözlərinə görə, İsa Qəmbərin fikrincə, Rüstəm İbrahimbəyovun namizədliyi qeydə alınmasa belə, Milli Şura seçkidən kənarda qalmamalıdır.
“Rüstəm bəy açıqlamalarının birində demişdi ki, özünün namizədliyi qeydə alınmayacağı təqdirdə başqa bir namizədi, hətta İsa Qəmbəri də dəstəkləyə bilər. Görünür onun bu mövqeyi kimlərisə həyəcanlandırdı. Həyəcanlanan qüvvələr də öz təsirlərini göstəriblər ki, Rüstəm İbrahimbəyov Milli Şuraya müraciətində digər mövqeyini nümayiş etdirdi”-deyə İsa Qəmbər R.İbrahimbəyovun fikrini dəyişməsinə münasibət bildirib. Müsavat başqanı seçkilərin boykot edilməsi ilə bağlı Milli Şurada səslənən fikirlərə münasibət bildirib. O, boykot yolunun istisna olmadığını vurğulayıb: “Boykot yolu ilə aktiv mübarizə ehtimalını tamamilə istisna etmirəm. Bilirəm ki, iştirak variantı düzgündür. Dəfələrlə bu təcrübəni yaşamışıq. Biz seçkidə iştirak edib mübarizə aparmaq niyyətindəyik”.