Son vaxtlar yayılan məlumatlardan “Yeni Müsavat” qəzetinin redaksiyasının bəzi məhbusları qəzetə pulsuz abunə etdiyi bəlli olub. “Media forum” saytı bununla əlaqədar qəzetin baş direktoru Ələsgər Süleymalıdan müsahibə götürüb.
– “Yeni Müsavat” qəzetinin redaksiyası neçə məhbusu öz abunəçisi edib? Konkret adlar sadalaya bilərsinizmi?
– Bu ənənənin əsası qəzetimizin baş redaktoru Rauf Arifoğlunun da daxil olduğu 2003-cü ilin oktyabr məhbuslarına qəzet göndərilməsi ilə qoyulub. O zaman Rauf Arifoğlu, Arif Hacılı, İbrahim İbrahimli, Pənah Hüseyn, İqbal Ağazadə, Sərdar Cəlaloğlu, Etimad Əsədova qəzet göndərilməsi üçün xeyli çalışdıq. Bunun mümkün olmayacağını söyləyənlər də vardı. Amma biz çətin də olsa buna nail olduq.
Sonralar əsasən siyasi məhbus kimi tanınan məhkumlara qəzet göndərilməsini davam etdirdik. Məsələn, 2011-ci ilin 2 aprel aksiyasına görə həbs edilən vicdan məhbuslarına – Arif Haclı və daha 11 nəfərə qəzet göndərmişik.
Hazırda “Nida”çılar və qəzetimizin yazarı Tofiq Yaqublu da daxil olmaqla 9 məhbusa redaksiya hesabına qəzet göndərilir.
– Məhbuslardan kimlərsə “Yeni Müsavat”a pulsuz abunə olmağı redaksiyadan xahiş edibmi?
– Bəzi məhbuslar özləri qəzet göndərilməsini xahiş edirlər. Bəzilərinə isə müraciət gözləmədən göndəririk.
– Bir məhbusun “Yeni Müsavat”a qəzetin öz hesabına abunə olması redaksiyaya ayda neçəyə başa gəlir? Hazırda redaksiya bu prosesi həyata keçirmək üçün ümumilikdə ayda nə qədər vəsait xərcləyir?
– Qəzetlərin göndərilməsi poçtdaşıma xidməti vasitəsilə həyata keçirilir. Daşınma üçün hər qəzetə ayda 5 qəpik ödəyirik. Bu da ayda cəmi 12 manat daşınma xərci edir. Ümumilikdə hər bir qəzetin göndərilməsi redaksiyaya 45 qəpiyə başa gəlir. Hazırda 9 məhbusa qəzet göndərilməsi üçün redaksiya ayda təxminən 120 manat xərcləyir
– Hazırda “Yeni Müsavat”a abunə olan məhbuslara qəzetin nüsxələrinin çatdırılmasında problemlər varmı? Abunəçi məhbus “Yeni Müsavat”ın bugünkü sayını elə bu gün alırmı? Yoxsa qəzetin sayları məhbuslara gecikmə ilə – bir gün, iki gün sonra çatdırılır?
– Qəzetlər elə həmin gün həbsxananın poçt şöbəsinə çatdırılır. Oradan qəzetlərin götürülüb abunəçilərə çatdırılması həbsxana heyətinin işidir. Bəzən müəyyən gecikmələr olur. Bəzi günlər qəzetlər ümumiyyətlə çatdırılmır. Belə olan halda məhbuslar vəkilləri vasitəsilə xəbər göndərirlər. Biz də Penitensiar Xidmətlə əlaqə saxlayıb, problemi həll etməyə çalışırıq.
– Öz hesabına “Yeni Müsavat”a abunə olan məhbuslar varmı?
– Öz hesabına “Yeni Müsavat” qəzetinə abunə olan məhbuslar barədə bizdə məlumat yoxdur. Redaksiya birbaşa abunə ilə məşğul olmur. Abunəni yayım firmaları həyata keçirir.