Azərbaycanın seçki müşahidə missiyalarının tələb olunduğu ölkələr siyahısından çıxarılması təsdiqlənmədi; Brüsseldə seçki müzakirələri olacaq
Avropa Parlamentinin Azərbaycanı seçki müşahidə missiyalarının tələb olunduğu ölkələr siyahısından çıxarması barədə dünən yayılan xəbər təsdiqlənməyib. Qeyd edək ki, Milli Məclisin üzvü, Avronest Parlament Assambleyasının vitse-prezidenti, Azərbaycanın Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov APA-ya Avropa Parlamentinin Azərbaycanı seçki müşahidə missiyalarının tələb olunduğu ölkələr siyahısından çıxardığı barədə açıqlama verib.
E.Süleymanov deyib ki, Avropa Parlamenti 28 ölkədən demokratik yolla seçilmiş orqan kimi Avropa Komissiyası ilə birlikdə dünyada demokratiyanın vəziyyətinin monitorinqi sahəsində çox iş görür. O, ötən 10 il ərzində Avropa İttifaqı nöqteyi-nəzərindən demokratiya yolunda “problemləri” olan ölkələrə 100-dən artıq seçki müşahidə missiyası reallaşdırıb:
“Avropa Parlamenti Avropa Birliyi və Azərbaycan arasındakı əməkdaşlığın bir hissəsi kimi Azərbaycanda keçirilmiş 2005, 2008 və 2010-cu il seçkilərinə üç missiya göndərmiş və onların hamısı müvafiq şəkildə irəliləyişi qeyd edərək, olduqca müsbət hesabatlar hazırlayıblar. Gənc demokratiya olan Azərbaycan Avropa Birliyi ilə bir çox sahələrdə əməkdaşlıq edir və hazırda onlarla Assosiasiya Sazişi ilə bağlı danışıqlar aparır. Bu saziş ticarət və mədəniyyət əlaqələrinin inkişafına, o cümlədən təhsil, nəqliyyat və digər sahələrdə Avropadan daha çox dəstəyin alınmasına səbəb olacaq. İndi 2013-cü ildə Avropa Parlamenti üç missiyadan sonra Azərbaycan üzrə seçki monitorinqini dayandırmaq qərarına gəlib. Bu etibar nəhayət ki, Azərbaycana Avropada yeni və təkmilləşmiş demokratik obraz verir, elə bir obraz ki, seçki prosesini beynəlxalq norma və dəyərlərə uyğun keçirəcəyi gözlənilir. Avropa Parlamenti 2013-cü ildə Ermənistana missiya göndərmişdi və bir missiyanı da Gürcüstana göndərməyi planlaşdırır. Bununla Cənubi Qafqazda Azərbaycan demokratik standartlara bu səviyyədə cavab verən ilk ölkə olur”.
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədli isə Elxan Süleymanovun bu açıqlamasının hakimiyyətin spekulyasiyası olduğunu bildirdi: “Əvvəla, Azərbaycan Avropa Birliyi Şərq Tərəfdaşlıq Proqramının üzvüdür və üzərinə seçkilərlə də bağlı öhdəliklər götürüb. İkincisi, Avropa Parlamenti indiyə qədər Azərbaycanda heç bir seçkidə böyük müşahidə missiyası ilə fəaliyyət göstərməyib. Avropa Parlamentinin müşahidəçiləri əsasən ATƏT-in, Avropa Şurasının müşahidə missiyası ilə birgə Azərbaycanda seçkilərin monitorinqini aparıblar. Yəni Avropa Parlamentinin Azərbaycanla bağlı ayrıca missiyası olmayıb. Elxan Süleymanovun dediyindən isə insanlarda belə təsəvvür yarana bilər ki, guya Avropa Parlamenti indiyə qədər Azərbaycandakı seçkiləri ayrıca müşahidə missiyası ilə izləyib, bundan sonra isə bunu etməyəcək. Avropa Parlamenti indiyə qədər Azərbaycandakı seçkiləri izləməyə başqa beynəlxalq təşkilatların missiyalarının tərkibində 5-6 deputat göndərib. Yəni bundan artıq onların missiyası olmayıb. Ona görə də deyirəm ki, Elxan Süleymanovun həmin açıqlaması hakimiyyətin seçkiöncəsi spekulyasiyasına bənzəyir”.
A. Məmmədli onu da qeyd etdi ki, Azərbaycanda peşəkar seçki müşahidə missiyası kimi həmişə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun müşahidə missiyası monitorinq aparıb: “2013-cü il prezident seçkilərində bu təşkilatın və AŞ PA-nın müşahidə missiyası monitorinq aparacaq. Çox güman ki, ATƏT Parlament Assambleyasının müşahidə missiyası da dəvət olunacaq. Amma ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosundan başqa qalan bütün missiyalar parlamentarilərdir. Yəni Avropa Şurasında və ATƏT PA-da təmsil olunan deputatlardır. Ona görə də beynəlxalq birlik ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun müşahidə missiyasının seçkilərə verdiyi qiyməti əsas götürür. Bu müşahidə missiyasının verdiyi hesabat Avropa Birliyi üçün də əsasdır”.
Hollandiyada yaşayan və bu ölkədəki partiyalardan birinin üzvü olan azərbaycanlı İsa Yusibov gunxeber.com-a bildirib ki, Avropa Parlamentinin seçki müşahidəçiliyi etdiyi ölkələr sırasından Azərbaycanı çıxartması xəbəri parlamentdəki müttəfiqləri tərəfindən təsdiqlənməyib: “Əksinə, mənə verilən məlumata görə, seçkidən öncəki həftədə Brüsseldə Avropa Birliyinin yuxarı eşelonunun da iştirakı ilə seçkilərlə bağlı müzakirələr aparılacaq. Azərbaycan müxalifətini orada təmsil etmək mənə təklif olundu. Müxalifətin prezidentliyə namizədi olacaq şəxs məqbul hesab edərsə, həmin toplantıda demokratik düşərgəni təmsil etməyə hazıram”.
musavat.com