İqtidarın ikinci namizədi üçün seçki bloku yaradılır
Sevda Xurşudova: «İlk günlərdə kimlərsə qısqanclıqdan bizə qarşı kampaniya aparırdılar. Amma artıq bütün bunlar arxada qalıb»
“Bu ayın sonunda qurultayımızı keçirib, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın prezidentliyə namizədliyini rəsmən irəli sürəcəyik”. Bu sözləri “Azadlıq”a Demokratik Azərbaycan Dünyası Partiyası (DADP) yetkilisi Sevda Xurşudova bildirib. Sevda Xurşudova əlavə edib ki, Mehriban Əliyevanın namizədliyinin dəstəklənməsi ilə bağlı DADP-nin apardığı iş başa çatmaq üzrədir:
“Bilirsiniz ki, artıq DADP-dən başqa Islahat Blokunda təmsil olunan daha iki partiya – Azad Respublikaçılar və Mübarizlər partiyaları da Mehriban xanımın namizədliyini dəstəkləyir. Bundan başqa xeyli ictimai təşkilat var ki, onlar da bizimlə həmrəydir. Bizim təşəbbüsümüz müsbət qarşılanıb. Bu isə onu göstərir ki, Mehriban xanımın namizədliyini irəli sürməkdə doğru addım atmışıq”.
DADP yetkilisi bu məsələ ilə bağlı onlara hər hansı təzyiqin olmadığını bildirib: “Heç bir təzyiq yoxdur. Ilk günlərdə kimlərsə qısqanclıqdan bizə qarşı kampaniya aparırdılar. Amma artıq bütün bunlar arxada qalıb”.
Sevda Xurşudovanın sözlərinə görə, Mehriban Əliyevanın namizədliyini dəstəkləyən partiyaların seçki bloku yaratması ilə bağlı iş də davam etdirilir: “Yəqin ki, yaxın günlərdə biz seçki blokunu elan edəcəyik. Ola bilsin ki, elə Islahat seçki bloku olsun. Hələlik oradaki digər partiyalarla da danışıqlar gedir. Gözlənilir ki, onlar da Mehriban xanımın namizədliyini dəstəkləyəcək. Belə olacaqsa, o zaman elə Islahat seçki bloku tərkibində fəaliyyət göstərə bilərik. Əks təqdirdə ayrıca seçki bloku yaradacağıq”.
Yada salaq ki, DADP iyunun 14-də Mehriban Əliyevanın namizədliyinin irəli sürülməsi təşəbbüsü ilə çıxış edib. Lakin hakimiyyətin məsələyə reaksiyası mənfi olub. YAP-ın rəhbərliyinə daxil olan şəxslər, xüsusilə icra katibi Əli Əhmədov və Siyavuş Novruzov DADP-nin addımına mənfi münasibət bildiriblər. “Mənÿ belə bir partiyanı nə tanıyıram nə də ki, fəaliyyəti bəllidir.ÿƏgər siyasətlə məşğul olan bir adam öz partiyasının üzvlərinin kimlərdən ibarət olduğunu bilmirsə, onda onlara fikir vermək lazım deyil”, deyə Əli Əhmədov vurğulayıb.
“Bu təxribat idi və hər kəsə də tam aydın oldu”. Bunu isə Siyavuş Novruzov deyib. Lakin DADP-nin mövqeyindən geri çəkilməməsi, həmçinin Mehriban Əliyevanın şəxsən bu məsələyə heç bir reaksiya verməməsi hakimiyyət nümayəndələrinin bu barədə korrekt danışmasına səbəb olub.
Bu arada qocaman YAP-çı Maksim Musayev Mehriban Əliyevanın namizədliyinə münasibət bildirib. O, “Azadlıq”a açıqlamasında deyib: “Mehriban Əliyevanın namizədliyinin irəli sürülməsində problem görmürəm. Amma mən Ilham Əliyevi dəstəkləyirəm. Əgər Ilham Əliyev namizədliyini Mehriban xanımın lehinə geri götürsə ona səs verəcəm. Mən hesab etmirəm ki, bu təxribatdır. Kim istəyir namizədliyini irəli sürə bilər”.