Mehriban Əliyevanın namizədliyi ilə bağlı hakimiyyətdə gərgin müzakirələr gedir
Ölkə başçısı Ilham Əliyevin xanımı Mehriban Əliyevanın namizədlik məsələsi ilə bağlı redaksiyamıza yeni məlumatlar daxil olub. Məlumatları təqdim etməmişdən əvvəl yada salaq ki, Demokratik Azərbaycan Dünyası Partiyası (DADP) Mehriban Əliyevanın namizdəliyinin irəli sürülməsi təşəbbüsü ilə çıxış edib. Ilk gündən belə mülahizələr irəli sürülüb ki, bu DADP-nin özfəaliyyəti deyil.
Mehriban Əliyevanın da məsələyə heç bir reaksiya verməməsi DADP-nin bu təşəbbüsünün arxasında hakimiyyətdəki məlum Paşayevlər qruplaşmasının dayanması barədə şübhələr yaradıb. Yeri gəlmişkən, bəzi YAP-çılar DADP-nin bu addımına mənfi sərt reaksiya verəsələr də, sonradan onlar da susmağa üstünlük verdilər.
Indisə keçək yeni məlumatlara. Həmin məlumatlarda bildirilir ki, Mehriban Əliyevanın namizədlik məsələsi hələ bir müddət əvvəl hakimiyyətdə müzakirə mövzusu olub. Paşayevlər belə bir təşəbbüslə çıxış edib ki, Ilham Əliyevin seçkidə uğur qazanması üçün Mehriban Əliyevanın da namizədliyini irəli sürməsi vacibdir. Onların fikrincə, Mehriban Əliyevanın namizədliyinin irəli sürülməsi Ilham Əliyevin kampaniyasının daha uğurlu aparılmasına yardımçı ola bilər. Yəni, ölkə başçısının xanımı özü ilə yanaşı Ilham Əliyevin təbliğatını aparacaq, son anda isə onun xeyrinə namizədliyini irəli götürəcək. Paşayevlər düşünür ki, bu Ilham Əliyevin seçkidə qələbəsini şərtləndirə bilər.
Lakin hakimiyyətdəki “Naxçıvan” qruplaşması bu təşəbbüsü dəstəkləmir. Səbəb isə Paşayevlərə inamsızlıqdan irəli gəlir. “Naxçıvan” qruplaşması belə ehtimal edir ki, bu, Paşayevlərin hakimiyyəti ələ keçirmək planı ola bilər.
Məlumatda bildirilir ki, “Naxçıvan” qruplaşmasının təşəbbüsü dəstəkləməməsi Mehriban Əliyeva ilə bağlı qəti qərar verilməsini yubadır. Lakin Paşayevlər ümid edir ki, rəqib qruplaşma son anda razılığa gələcək. Bu baxımdan Mehriban Əliyevanın namizədliyinin irəli sürülməsilə bağlı hazırlıqlar davam etdirilir.
azadliq.info