Separatçı rejimin “müdafiə naziri”: “İndiyə kimi bizə bu qədər silah verilməmişdi”
“Dağlıq Qarabağ silahlanmaqda davam edir və bu baxımdan son iki il kifayət qədər uğurlu olub”. Modern.az saytı bildirir ki, bu barədə jurnalistlərlə görüşündə Qarabağdakı qondarma rejimin “müdafiə naziri” Movses Akopyan deyib.
O etiraf edib ki, bu qədər silah indiyə qədər onlara verilməyib. “Bizdə heç zaman indiki kimi silah və hərbi texnika ilə təmin olunma vəziyyəti olmamışdı”- deyə Akopyan bildirib. O, hazırda yeni alınmış texnikanın yerləşdirilməsinin əsas məsələ olduğunu və bu məsələni həll etmək üçün böyük silah anbarının tikildiyini bildirib.
Akopyan alınan silahlar barədə təfərrüatları danışmaq istəməyib. Movses Akopyanın sözlərinə görə, son aylarda diversiya-kəşfiyyat qruplarının daxil ola biləcəyi istiqamətlərdə geniş mühəndfis işləri həyata keçirilib və cəbhə istiqamətində yeni piyada əleyhinə minalar yerləşdirilib.
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisinə böyük həcmdə silah partiyalarının daxil olması ciddi siqnaldır. Ad çəkilməsə də, bu silahların Rusiyanın patronajlığı ilə bölgəyə gətirlidiyi açıq-aydındır.
Bu ilin əvvəlindən KİV-lərdə yayılan məlumata görə, Rusiya Ermənistana böyük miqdarda silah-sursat, hərbi texnika verib. Bu sırada zirehli texnika, o cümlədən BMP-3, BMP-2 piyadaların döyüş maşınları, artilleriya qurğuları “Qiatsint-B” topları, hava hücumundan müdafiə və aviasiya vasitələri, çoxlu sayda döyüş texnikası və aqreqatlar üçün ehtiyat hissələri, atıcı silahlar, sursatlar və mühəndis əmlakları ötürülüb. Həmin vaxt açıqlanan siyahı son 20 ildə Rusiyanın Ermənistana hədiyyə etdiyi 3-cü kütləvi silah partiyası olub.
İlk dəfə 1996-cı ildə Rusiya hökumətinin Ermənistana uzaqvuran raketlər də daxil olmaqla, 1 milyard dollar dəyərində silah və sursat hədiyyə etdiyi ortaya çıxıb. Daha sonra 2008-ci ildə Rusiyanın Ermənistanın Gümrü şəhərində yerləşən 102 saylı hərbi hissəsindən Ermənistan Silahlı Qüvvələrinə silah-sursatın ötürülməsini sübut edən sənədlər yayılıb.
Rusiyalı hərbi ekspertlərin fikrincə, Rusiya Cənubi Qafqazdakı silahlı birləşmələrinin və bölgədəki müttəfiqlərinin hərbi qüvvələrinin döyüş hazırlığını artırır. Bu zaman Rusiyanın Ermənistandakı anklav birləşmələrinə xüsusi diqqət yetirilir. Bu hazırlıqlar Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyətlə əlaqədar Azərbaycan tərəfdən Ermənistana, İsrail tərəfdən isə İrana qarşı mümkün hərbi əməliyyatların başlaması ilə bağlıdır.
Son zamanlar cəbhə xəttində ermənilərin ardıcıl olaraq atəşkəsi pozması və hərbi ritorikanın güclənməsi separatçı rejimi yemləyən və pərdə arxasında qalan xarici qüvvələrin regionda müharibəni yenidən alovlandırmaq cəhdindən xəbər verir. Separatçı rejimin silahlar barədə açıq danışması ATƏT-in Mnsk Qrupunun mənasız fəaliyyətinin daha bir nümunəsidir.
modern.az