Sumqayıt şəhər bir saylı doğum evində şok hadisə yaşanıb. Doğum evində can alverinin daha bir qurbanı ola biləcək, hazırda depressiya halını yaşayan Ağaməmmədova Sima Qurban qızı birlik.az saytına bunları dedi: “ Məni polislə qorxudurlar ki, ərizə yaz ki, məsuliyyət daşımıram. Yoldaşım prokurorluğa şikayət edəcəyini bildirdikdə qəbul şöbəsinin həkimi yoldaşıma dedi ki, gedin prokraturada uşağı doğun. Mən bilmirəm nə edim. Mənim məsləhətçi həkimim Zülfiyə xanım dedi ki, sənin doğuş vaxtın keçir, çalış əməliyyata girəsən. Mən rentgen kağızlarımı bu xəstəxanaya gətirdim, dedilər ki, səhvdir, sənin məsləhətçi həkimin kimdir ki, bizə yol göstərsin. Qəbul şöbəsinin həkimi məni yenidən rentgenə göndərdi və tibb bacısına tapşırdı ki, ayın tarixinin rəqəmlərini qısaldın. Mən də dedim ki, niyə qısaldırsınız, mən dəqiq vaxtımı bilirəm. Ondan sonra tibb işçiləri bir-biri ilə mübahisə etdilər ki, mən qorxuram qısaltmağa. Hazırda məni xəstəxananın qapısından çölə çıxartmaq istəyirlər ki, çıx get burdan. Mən hansı həkimin adını öyrənmək istəyirəmsə, heç kim adını demir. Tibb işçilərinə yaxınlaşıb həkimlərin adını öyrənmək istəsəm də , mənə heç kim ad demir.”
Xatırladaq ki, birlik.az saytına dünən (30.07.2013) Sumqayıt şəhərindən Orucov Murad adlı bir valideyn zəng edərək bildirib ki, övladımı öldürmək istəyirlər.
Orucov Murad: “uşağın nəzarətçi həkimi olan 10-cu mikrorayonda yerləşən iki saylı qadın məsləhətxanasının həkimi Zülfiyə xanım dedi ki, uşaq 42 həftəlikdir, on aylığa keçib. Həkim deyir ki, bağırsaq uşağın boğazında dolanıb, əməliyyat olmalıdır, bu gün mütləq uşağı götür. Danışın həkim tutun ki, uşağı əməliyyata götürsünlər. Soruşdum ki, xərci nə qədərdir, dedilər ki, 600-800 manatdır. Mən neçə dəfə bir və iki saylı doğum evinə xanımımın yatması üçün müraciət etmişəm deyiblər ki, get bu gün-sabah gəl. Həkimin var, yoxdursa get özünə həkim tut. Mən başa düşmürəm, həkimi mən təyin etməliyəm yoxsa xəstəxana Pulum olsa, bu dəqiqə əməliyyat edərlər. İşsiz adamam. Qeyd edim ki, uşağımın biri ağır telasemiyadır və mərkəzdə qeydiyyatdadır. Qeyd edim ki, indicə, səhiyyə nazirliyinin qaynar xəttinə şikayət üçün zəng etdim. Bu zaman bir saylı doğum evinin qəbul şöbəsində həkim dedi ki, get kimə istəyirsən şikayət elə. Qaynar xətdən onun adını soruşdular. Lakin həkim öz adını demədi. ”
Məsələ ilə bağlı həmin xəstəxananın həkimləri ilə əlaqə yaratmaq istədik, dedilər ki, məsullardan heç kim yoxdur. Şöbə müdirinin müavini buradadır. Şöbə müdirinin müavini isə nə adını dedi, nə də ki bizə məlumat vermək istədi. Məsələni diqqətdə saxlayacağıq. Qarşı tərəfin fikrini işıqlandırmağa hazırıq.
avropa.info