Gülağa Aslanlı: “İllərdir dialoq çağırışları olur, amma…”Razi Nurullayev: “Artıq bu məsələdən yorulmuşuq”Sərdar Cəlaloğlu: “Təhlükə hiss olunur və iqtidar dialoqa lüzum görür”
“Biz iqtidarın dialoq təklifinə şübhə ilə yanaşırıq. Çünki illərdir dialoq çağırışları olur, amma səmərə vermir. Eyni vəziyyət hər dəfə təkrarlanır. Bununla belə, azad seçkilərin keçirilməsi və Azərbaycanın taleyi ilə bağlı məsələlər müzakirəyə çıxarılsa, dialoqda iştirak etməyə hazırıq”.
Bu sözləri Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı “Yeni Müsavat”a Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun iqtidar-müxalifət dialoqu haqda bəyanatına münasibət bildirərkən söyləyib. Onun sözlərinə görə, Müsavat Partiyası dialoqa həmişə hazırdır: “Dəfələrlə dialoq çağırışları olub. Amma baş tutmayıb. Artıq bu məsələdən yorulmuşuq. İqtidar düşərgəsi dialoq bəyanatı verir, sonra təşkil edilmir. Bundan əvvəl bir neçə dəfə çağırışlar edilib. ATƏT ciddi yanaşmayıb, iqtidar etinasızlıq nümayiş etdirib. Ona görə də partiyamız hələlik Əli Həsənovun dialoq çağırışına isti yanaşmır”.
AXCP sədrinin müavini Razi Nurullayev də deyir ki, müxalifət həmişə dialoq tərəfdarı olub və yenə də bu mövqedədir: “Dialoq təklifi varsa, razılıq əldə etmək mümkündür. Səmimi dialoq alınsa, hakimiyyət dəyişikliyə getmək istəklərini açıqlasa, müsbət nəticələr ola bilər. AXCP olaraq həmişə dialoqa açıq olmuşuq”.
ADP sədri Sərdar Cəlaloğlu isə rəhbərlik etdiyi partiyanın hələ 2005-ci ildə dialoqla bağlı qərarı olduğunu vurğuladı. Onun sözlərinə görə, qərar qüvvədədir və dialoqdan mütləq istifadə etmək lazımdır. S.Cəlaloğlu dialoq amilinə fərqli yanaşmağın tərəfdarıdır. Onun fikrincə, dialoq ölkə üçün təhlükə yarandığı halda təşkil olunur.
ADP lideri belə bir təhlükənin artıq mövcud olduğunu və iqtidarın da bunu dərk etdiyini düşünür: “Partiyamızın qərarı var ki, iqtidarla dialoqda iştirak edək. Bu, ölkədə problemlərin həlli, sabitliyin təminatı üçün vacibdir.
Ancaq toplantının hansı səviyyədə təşkil olunacağı, hansı məsələlərin ortaya qoyulacağı açıqlanmayıb. Bununla belə, beynəlxalq ictimaiyyətə Azərbaycan müxalifətinin vətəndaş qarşıdurması istəmədiyini, dialoq tərəfdarı olduğunu nümayiş etdirməliyik”.
S.Cəlaloğlu deyir ki, əksər adamlar dialoq terminini yanlış qəbul edir: “Dialoq o halda baş tutur ki, tərəflər əvvəlcədən hansı məsələləri müzakirə edəcəklərini razılaşdırırlar. Əgər siyasi məhbuslar probleminə toxunulursa müxalifət faktları təqdim edir, iqtidar da etiraf edir. Müxalifət rejimin insanları həbs etdiyini, iqtidar da arqumentləri danırsa onda dialoq deyil, siyasi diskussiya başlanır. Siyasi dialoq bir araya gəlmək, ölkənin taleyini müzakirə etməkdir”.
Siyasi dialoqun fəlsəfəsinə istinad edən müsahibimiz qeyd etdi ki, burada 1-ci və 2-ci dərəcəli maraqlar var: “Müxalifət üçün 1-ci dərəcəli maraqlar varsa, onda iqtidarın da 2-ci dərəcəli maraqları ilə razılaşmalıyıq. Dialoqda yalnız müxalifət öz məqsədinə, yaxud iqtidar öz maraqlarına nail olacaqsa, bunun cəmiyyətə mənfəəti olmayacaq”.
YAP-çı deputat Siyavuş Novruzovun dialoqa qarşı çıxmasına münasibət bildirməyi əhəmiyyətsiz sayan S.Cəlaloğlunun fikrincə, bu məsələdə Əli Həsənovun sözü əsas götürülməlidi: “Əli Həsənovun ranqı Siyavuş Novruzovdan 100 dəfə artıqdır. Əli Həsənov birbaşa prezidentin, hakimiyyətin mövqeyini açıqlayıb. Biz onun dediyi sözlərə fikir verməliyik. Hərənin ağzından bir avaz gəlir. Siyavuş Novruzova deyən var ki, gəl dialoqa?”
S.Cəlaloğlu “Hansı təhlükə mövcuddur ki, iqtidar dialoqa gedir” sualımızı belə cavablandırdı: “Elə şərtlər var ki, orada dialoq qaçılmazdır. Azərbaycan artıq yol ayrıcındadır. Bunu rus politoloqu da təsdiqləyib ki, Azərbaycan Qərbə inteqrasiya etsə nə ola bilər, Rusiyaya getsə nə olar. Rus analitiki də yazır ki, artıq Rusiya Azərbaycanda təkcə iqtidarla yox, həm də müxalifətlə işləyir. O, İbrahimbəyov faktorunu misal çəkib. Yəni təhlükə hiss olunur və iqtidar dialoqa lüzum görür. Azərbaycanı Gürcüstan variantı ilə təhdid edirlər. Bu mənada dialoq labüddür”.
Qeyd edək ki, iyulun 30-da Ə. Həsənov iqtidar-müxalifət dialoqunun olacağı barədə danışıb: “Seçkilərin elə mərhələsinə daxil oluruq ki, müxalifət partiyaları ilə təmaslar qaçılmazdır. Bu sahədə ATƏT-lə danışıqlar aparırıq. Yəqin ki, biz seçkilər ərəfəsində bütün siyasi partiya rəhbərləri və funksionerləri ilə görüşlər keçirəcəyik”.
musavat.com