Partiya funksionerləri istənilən halda seçkidə iştirakı vacib sayırlar
Müxalifətin, Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovun namizədliyi qeydə alınmayacağı təqdirdə nə baş verəcəyi, Müsavat Partiyasının seçkiyə partiya başqanı İsa Qəmbərin namizədliyi ilə gedib-getməyəcəyi gündəmin ən aktual suallarındandı.Müsavat Partiyasının Nəsimi rayon təşkilatının sədri Xeyrulla Balaxanlı partiyanın İsa Qəmbərin namizədliyi ilə bağlı qərarının qüvvədə qaldığını dedi: “Partiyanın bir qərarı var və o qərar da qüvvədə qalır. Lakin biz maksimum dərəcədə çalışırıq ki, seçkilərə Milli Şuranın vahid namizədi ilə gedək. Müsavat Partiyası sona qədər çalışacaq ki, Rüstəm İbrahimbəyovun namizədliyi qeydə alınsın”.
Müsavat Partiyası Səbayel RT-nin sədri Razim Əmiraslanlı bütün hallarda seçkidə iştirak etməyin vacib olduğunu bildirdi: “Yanvar ayında Müsavat Partiyasının namizədi ilə bağlı bir qərarı var. Partiyanın mövqeyi belədir ki, Rüstəm İbrahimbəyovun namizədliyi qeydə alınmasa da, seçkidə mütləq iştirak olunmalıdır. Bəzi şəxslər Rüstəm İbrahimbəyovun namizədliyinin qeydə alınmayacağı təqdirdə seçkilərin boykot edilməsini istəyirlər. Bu isə bizim partiyanın mövqeyi ilə üst-üstə düşmür”.
Müsavatın Binəqədi RT-nin sədri, tanınmış vəkil Nemət Kərimli partiyanın Milli Şuranın yaradılmasında çox yaxından iştirak etdiyini, MŞ-nin isə hazırda vahid namizədinin olduğunu bildirdi: “Biz partiya olaraq vahid namizədi dəstəkləyirik. Proseslər də gördüyünüz kimi, çox sürətlə dəyişir. Müsavat Partiyasının seçkiyə təkbaşına gedib-getməməsi proseslərdən asılıdır. Ancaq biz hazırda Rüstəm İbrahimbəyovun namizədliyini dəstəkləyirik”.
Müsavatın Sabunçu RT-nin sədri, Məclis üzvü Rafiq İsmayıl isə bildirdi ki, əgər R.İbrahimbəyovun namizədliyi qeydə alınmasa, alternativ namizəd də olmasa, partiyanın İsa Qəmbərin namizədliyi ilə əlaqədar qərar qüvvədə qalmalı və partiya seçkidə iştirak etməlidir.
Müsavat başqanının müavini Mehman Cavadoğlu isə bildirdi Müsavat Partiyası hələ ki MŞ formatında seçkilərə hazırlaşır.