Avropa Şurasının insan haqları üzrə komissarı Nils Muiznieks bu ilin mayında Azərbaycana etdiyi səfərdən sonra hazırladığı hesabatda ölkədə ifadə, toplaşmaq, birləşmək azadlıqları və insanların əmlak hüquqlarının vəziyyəti ilə bağlı narahatlığını bildirir.
İFADƏ AZADLIĞI
Komissar jurnalistlərə və tənqidi fikrini ifadə edən digər şəxslərə qarşı ədalətsiz, yaxud seçmə üsulu ilə cinayət təqibi hallarının artmasından ciddi narahatlıq keçirir.
O təkrar edir ki, fikirlərinə görə həbsdə olan şəxslərin azad edilməsi Azərbaycan hökuməti üçün prioritet olmalıdır.
TOPLAŞMAQ AZADLIĞI
Komissar toplaşmaq azadlığına qoyulan məhdudiyyətlər, həmçinin hüquq-mühafizə orqanlarının nümayişçiləri dağıtmaq üçün aşırı gücdən istifadə etməsi haqda davamlı yayılan xəbərlərdən narahatdır.
BİRLƏŞMƏK AZADLIĞI
Bir sıra QHT-lərin, xüsusən insan haqları sahəsində fəaliyyət göstərən və hökuməti açıq şəkildə tənqid edən QHT-lərin Azərbaycanda fəaliyyət göstərən zaman bəzi maneələrlə qarşılaşdığı bildirilir.
QHT-lər qeydiyyat zamanı da çətinliklərlə üzləşir. Bu, onların qeydiyyatının yubadılması, qeydiyyatla bağlı formal qərarın uzun müddət verilməməsi ilə nəticələnə bilir.
ƏMLAK HÜQUQLARI
Avropa İnsan Haqları Məhkəməsinə edilmiş müraciətlər arasında evlərin sökülməsi, əmlak hüququndan məhrum edilmə ilə bağlı işlərin artması aydın şəkildə göstərir ki, əmlak hüquqları ölkədə insan haqları ilə bağlı ciddi məsələyə çevrilib. Komissar təəssüflənir ki, Bakı şəhərindəki yenidənqurma işlərinin bir hissəsi olan bu əmlakdan məhrum edilmələr bir sıra problemlərə səbəb olub. Belə problemlər arasında komissar ümumilikdə prosesdə şəffaflığın çatışmamasını, yerli qanunlarda əmlak hüququndan məhrum edilmə ilə bağlı təsbit edilmiş qaydaların pozulmasını, eləcə də bəzən bazar qiymətlərindən aşağı olan kompensasiyanı qeyd edir
azadliqradiosu