Tibbi xidmət göstərilməsi və dərman vasitələrinin satışı ilə bağlı reklam aksiyalarının keçirilməsi yasaqlanacaq
Azərbaycan Respublikası ərazisində bütün hallarda bütün tibbi xidmətlərin göstərilməsi və dərman vasitələrinin satışı ilə bağlı reklam aksiyalarının keçirilməsi qadağan olunur. Milli Məclisdən APA-ya verilən məlumata görə, bu, yeni hazırlanmış “Reklam haqqında” qanunda əksini tapıb.
Yeni qanunun 29.9.-cu maddəsində göstərilir ki, dərman vasitələrinin pulsuz paylanması, satışı, pulsuz və ya pullu tibbi xidmətlərin göstərilməsi ilə müşayiət olunan reklam aksiyalarının keçirilməsi qadağandır.
Qeyd edək ki, qanun layihəsi Milli Məclisin İqtisadi siyasət və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin iyunun 21-də keçirilən birgə iclasında müzakirə olunaraq parlamentin plenar iclasına tövsiyə olunub.
Layihənin Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacağı gözlənilir.