“Valadimir Putinin Azərbaycana səfəri zamanı keçiriləcək görüşlərdə bütün ikitərəfli məsələlər müzakirə olunacaq və hər iki tərəf üçün əhəmiyyət kəsb edən nəticələrə gəlmək mümkün olacaq”. Bunu Publika.Az-a açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə bildirib.
Rusiya ilə Azərbaycan arasında mövcud olan münasibətlər müstəqillik illərində kifayət qədər dərinləşdiyini vurğulayan A.Mirzəzadə deyib ki, hazırda iki ölkə arasında hər hansı ciddi və həll edilməmiş problem yoxdur. Onun sözlərinə görə, Rusiya və Azərbaycan arasında mütəmadi olaraq siyasi məsləhətləşmələr keçirilir: “Hər iki ölkənin ortaq marağları və mövqeləri var. Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri iki ölkə arasında mövcud olan münasibətləri bir daha müzakirə etməyə və onu daha da dərinləşdirmək üçün yollar axtarmağa yönələcək. Qonşu ölkələr olduğumuz üçün müzakirə ediləcək məsələlər kifayət qədər çoxdur. Səfər zamanı regional təhlükəsizlik, ikitərəfli iqtisadi və ticarət əlaqələrinin daha da genişləndirilməsi, humanitar əlaqələrin daha da dərinləşməsi və beynəlxalq məsələlərə dair fikir mübadiləsinin aparılması gözlənilir.
Bundan əlavə, işğal olunmuş ərazilərimizlə bağlı məsələnin də ciddi müzakirə olunması ehtimal edilir. Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi böyük rol oynaya bilər. İndiyədək Rusiyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması və Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə daim öz töhfəsini vermək istəyini ortaya qoyması müsbət haldır”.
Xatırladaq ki, bu gün Rusiya prezidenti Vladimir Putinin Azərbaycana işgüzar səfəri gözlənilir. Səfər zamanı 5-6 ikitərəfli sənədin, o cümlədən energetika və nəqliyyat sahələrinə dair sənədlərin imzalanması planlaşdırılır.