Qənirə Ataşova: “Təəccüblə soruşurdular ki, bir qadın necə olub buralara gəlib çıxıb?”
“Gündəlik Teleqraf”ın suallarını ANS telekanalının aparıcısı Qənirə Ataşova cavablandırdı.
“Kosmosa uça bilmədim”
– Nəçi olmaq istəyirdiz?
– Uşaqlıqda elə bilirdim ki, böyüyüb kosmosa uçacam. Amma uça bilmədim. Bəlkə də sovet dönəmində kosmosa uça bilərdim, amma bizim indiki vəziyyətimiz buna imkan vermədi. İndi də oğlum kosmonavt olmaq istəyir.
– Kosmosa uça bilməsəniz də efirə çıxa bildiniz, tele-aparcı oldunuz. Bu aləmə necə düşdünüz? Bildiyim qədər siz jurnalistika üzrə təhsil almamısınız.
– Pedaqoji Universitetin fizika fakültəsini bitirmişəm. ANS-də müsabiqə elan etmişdilər, qatıldım və keçdim. Daha sonra ANS-in tərkibində təşkil olunan jurnalistika kursunda iştirak etdim. Hazırda da televiziyanın tərkibində kurslar var, indikilər 2-3 ay dərs keçib, işə başlayırlar. Amma o vaxt biz yarım il rəhbər işçilərin yanında işlədik, iclaslarda iştirak etdik, bir sözlə, əməlli-başlı təcrübə qazandıq.
– O vaxtkı müsabiqələrdən keçmək asan deyildi. Sizin hansı cəhətiniz müsabiqədə həlledici rol oynadı?
– Müsabiqə zamanı məni və digərlərini üç nəfər – Mirşahin müəllim, Sevil Nuriyeva və Vahid Mustafayev qəbul etdi. Düzünü deyim, Mirşahin müəllimi və Sevil Nuriyevanı efirdən tanıyırdım, amma Vahid Mustafayevi ilk dəfə görürdüm. Onu ancaq müsabiqədən keçəndən sonra tanıdım. Hansı keyfiyyətimin onların xoşuna gəldiyini deyə bilmərəm, bircə onu bilirəm ki, həmin gün mənimlə bərabər müsabiqədən İctimai Televiziyada çalışan Hüseyn Azəri, “Space” televiziyasında işləyən Gözəl Nəcəfova da keçdi. Kursda öyrəndiklərimin təcrübədə tətbiqinə çalışdım və bu mərhələdə dəfələrlə Mirşahinin, Vahid müəllimin iradlarını eşitdim. İradları eşidə-eşidə daha çox nəticə çıxarmağa çalışdım.
“Rüşvətsiz bir yerə gəldiyimə sevinirdim”
– ANS-də ən çox nəyi öyrəndiniz?
– İşləməyi. Uşaqlıqdan zəhmətkeş ailədə böyümüşəm. Zəhmətsiz yaşamağın mümkünsüzlüyünü çox yaxşı dərk edirəm. ANS-də bunun bir daha şahidi oldum. Bu televiziyaya gələndə 18 yaşım təzə tamam olmuşdu, rüşvətsiz bir yerə gəldiyimə sevinirdim. O dövrlər bu sahədə rüşvət daha çox idi, amma ANS-də yox idi. Mənim kimi digərlərinə də burada zəhmətlə işləməyi öyrətdilər.
– Neçə ildən sonra kamera qarşısına keçdiniz?
– ANS-ə 1998-ci ildə gəldim. Bir neçə ildən sonra teleaparıcı kimi işləməyə başladım, amma ilini dəqiq xatırlamıram. Yadımda qalan odur ki, ilk dəfə efirdə “Xəbərçi”nin gündüz buraxılışını təqdim etdim.
Bilirsiniz, televiziyaya gələn kimi birbaşa efirə çıxan şanslılar da olur. Amma məncə, həmin insanlar sonradan müxbirliyi keçmədən aparıcı olmağın çətinliyi ilə qarşılaşırlar. Bu gün Azərbaycanda fərqli sistemlərlə işləyən şirkətlər var, məsələn, kimsə konkret aparıcını yetişdirir, onlar çəkilişə getmir, reportaj hazırlamır. Amma mənim fikrimcə, yaxşı aparıcı ilk növbədə yaxşı müxbir olmalıdır. Yaxşı xəbəri gətirməyi bacarmalıdır ki, aparıcı olanda xəbərin mahiyyətini tutub tamaşaçıya çatdırsın.
Teleaparıcı auditoriyanı əlində saxlamağı, ona öz dilində xəbəri çatdırmağı bacaran insandır. Veriliş aparan aparıcının tamaşaçıya yekun nəticəni də təqdim etməsi şərtdir. Amma bu, respondentlərdən də asılıdır. Elə respondentlər var ki, suala ancaq “hə” və “yox” cavabını verirlər.
– Təcrübənizdə belə hallarla çox qarşılaşmısınız?
– Əlbəttə. Məsələn, bu il 26 iyunda ordu günü ilə bağlı verilişə bir hərbiçi dəvət etmişdim, o mənim bütün suallarıma ya “hə” dedi, ya “yox”. Ondan çox özüm danışmalı oldum. Əslində efirdən əvvəl və sonra bülbül kimi ötür, amma efir anında susur. Niyəsini soruşanda da deyir ki, hərbiçiyəm, danışdığımın hamısı dövlət sirridir, mən axı nə danışım? Belə olanda da özüm-özümü danlamaqdan başqa çarəm olmur.
“Bir qadın necə olub ki, buralara gəlib?”
– Deyirlər, siz hansı xəbərin dalınca gedirsiniz, o xəbəri əldə etməyincə qayıtmırsınız.
– Mən də sizin kimi sıradan bir işçiyəm. İşimi layiqli görməyə çalışıram.
– Sirr deyil ki, hər jurnalistin xəbər əldə edərkən, müsahibə alarkən istifadə etdiyi açar sözləri, özünəxas müəyyən rəftar qaydası olur. Sizin “açar”ınız nədir, nələrdir?
– Siz müsahibə alarkən hansı üsuldan istifadə etdinizsə, mən də ondan istifadə edirəm. Şirin dil… (gülür).
– Əldə etməyə çətinlik çəkdiyiniz xəbərlər olubmu? Yaxud hansı sahənin xəbərlərini əldə edəndə maneələriniz çox olur?
– İctimai, sosial xəbərləri almaq çətin deyil. Bu yaxınlarda Nabranda İmran Cəfərzadənin başına gələn fəlakətlə bağlı xəbəri toplamaq, görüntülərini əldə etmək bəlkə də hansısa reportyora çətin gələ bilərdi, amma mən fikirləşirəm ki, bunu araşdırmaq elə də ağır proses deyildi. Sözsüz, indi biz “Facebook” dövründə yaşayırıq və onun sayəsində xəbərlər az qala özü bizi tapır.
Çətinliyim siyasi xəbərləri açmaqla bağlıdır. Amma bunun adına çətinlik də deməzdim, sadəcə məhdudiyyətlər var.
Bizdə məmurlar mediaya açıq deyillər. Ona görə hansısa məmurların maneəsi ucbatından təhsil, səhiyyə ilə bağlı xəbərlər mətbuata vaxtında çatmır. Bununla belə, mənə görə çətin xəbər yoxdur, elə sizə görə də yoxdur. Müsahibə vermək istəmirdim, amma siz məcbur elədiniz… Belə çıxır, insan istədiyini alır. Əslində, həqiqətən mən müsahibə vermək istəmirəm, sadəcə sizi qırmaq istəmədiyimə görə bunları deyirəm. Yoxsa müsahibə verməyə nöqtə boyda marağım yoxdur. Mənim işim müsahibə almaqdır.
– Yerli mətbuata müsahibə verməsəniz də xarici media orqanlarına müsahibə verirsiniz.
Oda iş zamanı olub. Məsələn, İranda seçki prosesi, Türkiyədə zəlzələ bölgəsində… Suriyada təəccüblə məndən soruşurdular ki, bir qadın necə olub buralara gəlib?
– Ən təsirli reportajlarınızı qeyd edə bilərsinizmi?
-Van zəlzələsində bir-birinə sarılmış insanların meyitlərini yerin altından çıxaranda çox təsirlənmişdim. Suriyada da çox təsirli mənzərə ilə qarşılaşdım. Orada evlərinə raket atılmasına baxmayaraq, öz ərazilərini tərk etməyən insanları görəndə fikirləşdim ki, biz də Qarabağdan çıxmaya bilərdik. Doğrudur, bu bizim təcrübəsizliyimizdən qaynaqlanıb, uzun müddət müharibə görməyən insanlar birdən birə belə bir şəraitə düşür və əraziləri tərk edir. Mən kimisə buna görə qınamıram, hər halda onların yerində mən də olsaydım, elə hərəkət edərdim. Suriyada isə insanın evinə raket düşür, amma o hələ də həmin evdə yaşayır.
“Açıqlama verərəm ki, işdən çıxmışam”
– Sizcə, bizim jurnalistika dördüncü hakimiyyət funksiyasını necə yerinə yetirir? Və ona doğurdanmı dördüncü hakimiyyət kimi yanaşılır?
– Jurnalistikanın Azərbaycanda gücü var. Bu yaxınlarda Nabranda balaca İmranın ayaqlarının itirilməsi məsələsini xatırlatmaq istəyirəm. “Facebook”da yayılan xəbərə mətbuat ciddi fikir verməsəydi, həmin faciə bu qədər diqqət çəkərdimi? Azərbaycan mətbuatı özünün pik nöqtəsində deyil, amma inkişaf mərhələsindədir. Bundan da yaxşı ola bilər. Və mən inanıram ki, olacaq.
Biz mətbuat olaraq ancaq informasiya toplamaqla məşğul olmalıyıq. Yoxsa qara piara bu qədər zaman ayırmalı deyilik. Mən məzuniyyətdəyəm, amma mənə zəng vurub soruşurlar ki, siz işdən çıxmısınız? Axı, bu jurnalistika deyil.
– Hər halda xəbərin doğru olub- olmamasını aydınlaşdırmaq sarıdan müxbirləri siz daha yaxşı başa düşməlisiniz. Adicə bir xəbəri axşam efirində geniş müzakirəyə çıxaran sizsiniz.
– Biz dövlət üçün əhəmiyyətli xəbərləri, mövzuları müzakirə edirik. Qənirə Ataşovanın dövlət üçün elə böyük əhəmiyyəti yoxdur. Ondan başqa, istəmərəm mənim şəxsi həyatımdan yazılsın. Sadəcə yazıla bilər ki, iki uşağı var. Çünki uşaqlarımdan imtina edə bilmərəm. Amma mənə məxsus özəlliklər mənim özümümdür. Ailə insanın özəl çevrəsidir…
– Bəlkə daha çox səs-küyə səbəb Vahid Mustafayevin sizə “satqın” deməsi ilə bağlı şayiə olub.
– Elə adamam ki, mənə heç bir yerdə xırda kobud söz belə deyilə bilməz. Bu ölkədə yüksək vəzifəyə, rütbəyə malik insan belə, mənə o sözü deməyi bacarmaz. Özümə hörmət eləməyi, elətdirməyi bacaran biriyəm. Mən axı nəsə etməmişəm ki, mənə kobud söz deyilsin.
– Bəs o söz deyilsə, siz hansı münasibəti nümayiş etdirərsiniz?
– Çalışıram elə işləyim ki, deyilməsin. Bilirsiniz, iş prosesində səhv etdiyin nəyəsə görə danlanma ehtimalı çox normaldır. Əgər hansısa xəbəri səhv təqdim etmişəmsə, rəhbərlik gəlib bunu mənə deyəcək, cəzası varsa, daxili qaydalar çərçivəsində onu tətbiq edəcək. Bu günə qədər tapşırıqları daxili qaydalar çərçivəsində yerinə yetirmişəm. Buna görə inzibati cəzalara məruz qalmamışam. İnzibati cəzanın arxasında maliyyə kəsintisi gözlənildiyindən elə işləyirik ki, ayın sonunda maaşımızı tam ala bilək.
“Buna görə məni öpüblər”
– İstirahətiniz necə keçir? İşə nə zaman qayıdacaqsınız? Bundan sonra özünüzü hansı səpkili verilişdə sınamaq istəyirsiniz?
– Qanuni məzuniyyətim 21 gündür. Başa çatan kimi işə qayıdacam. Sözün düzü, yeni mövsüm üçün şirkətin qaydalarının nədən ibarət olduğunu bilmirəm. Böyük ehtimal xəbərlərdə qalacam. Çünki xəbər adamıyam. Əslində isə adi müxbir babayam. Sözsüz ki, araşdırmalar da məni cəlb edir. Məmnuniyyətlə, tariximizin müəyyən mərhələlərini araşdırmaq istəyərəm. Məsələn, Səməd bəy Mehmandarovun məzarının axtarışı ilə bağlı ANS araşdırmalara başladı. Gözəl layihədir. Mən Türkiyədə olanda Osmanlı imperiyasında döyüşən adi bir zabitin məzarını necə qoruduqlarının şahidi oldum. Amma biz görkəmli generallarımızın qəbirlərini itirib- axtarmamışıq. Bu səpkili araşdırmalar aparmaq maraqlıdır, ən azından bununla onlara sahib çıxmış oluruq.
– Ailə və jurnalistika. Özü də gərgin reportyor fəaliyyəti ola. Hansına daha çox diqqət ayırırsınız?
– İnanın ki, hər ikisinə. Biz azərbaycanlılar qoçaq xalqıq. Bir də ki, Allaha qurban olum, o insanı nizama salır.
– Övladlarınız teleaparıcı Qənirə Ataşovanı efirdən görəndə nə deyirlər? Necə qarşılayırlar?
– Generallarla, Qarabağla bağlı veriliş hazırlayanda bəyəniblər, buna görə məni öpüblər. Maraqlı müsahibələrə gedəndə gəlib mənə “çox sağ ol” deyirlər.
teleqraf.com