Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri, millət vəkili Qənirə Paşayevanın “Qənirə Paşayeva ilə addım-addım Türk Dünyası” kitabının imzalanma mərasimi keçiriləcək.
Kitab “Türk Dünyasını tanıyaq və tanıdaq” layihəsi çərçivəsində işıq üzü görüb.
İmzalanma mərasimi avqustun 26-da saat 19.00-da “Əli və Nino” kitab mağazaları şəbəkəsinin “Park Bulvar”da yerləşən satış məntəqəsəində təşkil ediləcək. Arzu edən hər bir şəxs imzalanma mərasimində iştirak edə bilər. “Qənirə Paşayeva ilə addım-addım Türk Dünyası” kitabı çoxcildlik kimi nəzərdə tutulan nəşrin birinci cildi olub, müəllifin Türk dünyasının qədim və önəmli mərkəzlərindən Bursa, İznik, Bayburt, Amasya, Sparta, Karabük səfərlərini özündə ehtiva edən, maraqlı həyat müşahidələrinə, tarixi və canlı faktlara əsaslanan publisistik əsərlər toplusudur.
“Qənirə Paşayeva ilə addım-addım Türk Dünyası” kitabı, mövzu üzrə ixtisaslaşmış elm, mədəniyyət müəssisələrinə, aparıcı kitabxanalara da pulsuz paylanacaq. Arzu edən şəxslər kitabı “Əli və Nino” kitab mağazaları şəbəkəsinin bütün satış məntəqələrindən əldə edə bilərlər. Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri, millət vəkili Q.Paşayevanın müəllifi olduğu nəşrin redaktoru Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı və Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Ədəbiyyat” qəzetinin şöbə müdiri Sərvaz Hüseynoğludur. Qeyd edək ki, “Qənirə Paşayeva ilə addım-addım Türk Dünyası kitabı”ndan əldə olunacaq bütün gəlir İraq Türkmanı olan və atasız-anasız bir qızın ali təhsil alması üçün “Beynəlxalq Kərkük Kültür Dərnəyi”nə bağışlanıb.