Bəlkə də bu yazını oxuyub təəccüblənəcəksiniz. Yəni, doğrudanmı bu xatirələri danışan zərif, duyğasal, həzin musiqiləri ilə ürəkləri titrədən Elza Seyidcahandır deyə? Bəli, təəccüblənməyə əsas yoxdur, bu həmin Elzadır. Uşaqlığı tam fərqli olub. Amma qeyri-adiliklərinə gəlincə, Elza elə indiki Elzadır. Vaxtilə Allaha məktublar yazan, həmin məktubları cehiz kimi ər evinə daşıyan Seyidcahanın indi o məktublarını musiqiləri əvəz edir…
“Mən ərə gedən günün səhəri anam yuxudan durub görüb ki…”
“Uşaqlıqda xaraktercə çılğın olmuşam. Ailədə dörd bacı olmuşuq. Anamı yarıdan da elə mən olmuşam. Hara lazımdırsa, anam məni göndərirdi. Mən də yorulurdum və bezib deyirdim ki, bu nədir e, elə hər yerə məni yollayırsan. Anam da qayıdırdı ki, mama qurban, bunlar məni yarıtmır, sən yarıdırsan, get, tez gəl. Biz onda məhlə evində qalırdıq. Anam deyirdi ki, bax yerə tüpürürəm, görüm tüpürcəyim quruyana qədər gəlib çıxacaqsan? Gəlib görürdüm ki, tüpürcəyi quruyub. Amma deyirdim ki, ana, bax hələ bir tərəfi yaşdır, qurumayıb. Çox cəld qızı idim. Üstəlik musiqi məktəbinə də gedirdim, amma bununla belə dükan-bazara ancaq məni yollayırdılar. Gecəyarısı saat 2-də, 3-də durub evdə qazı-işığı yoxlayırdım ki, birdən hadisə olar. Bütün bu işlər mənə baxırdı. Hətta mən ərə gedən günün səhəri anam yuxudan durub görüb ki, küçə darvazamız açıq qalıb. Oturub ağlayıb ki, Elza getdi, qapını-bacını yoxlayanım olmayacaq”.
“Atam bir gün dedi ki, Elzanın əlindən güzgülər evdən qaçacaq”
“Toya gedib-gələndən sonra ordakı insanların oxumağını, oynamağını, danışmaqlarını yamsılayardım. Deyirdim ki, filankəs xala, filankəs dayı belə oynadı… Arıq biz qız olmuşam. Həmişə də qolum-qıçım sarıqlı olardı. Çünki tez çıxardı deyə anam sarıyırdı. Böyüyüb Konservatoriyada oxuduğum vaxtlarda, bir dəfə belim ağrımışdı. Həkimə getdim və mənə çoxlu dava-dərman yazdılar. Anam dedi ki, yox e, bu uşağın beli çıxıb. Xızıda məni sınıqçıya apardılar. Hansı ki, uşaq vaxtı həmişə qolum-qıçım çıxanda məni o sınıqçının yanına aparardılar. Anam dedi ki, əgər sınıqçı kömək edə bilməsə, eybi yox, yenə bu dava-dərmanı istifadə edərsən. Getdik sınıqçıya, dedi ki, bu qızın belində sürüşmə var, əliylə yerinə çəkdi, düzəldim.
Uşaq vaxtı çox da gözəl qız olmamışam. Gözəl olmuşam e, sadəcə özümlə oynayan olmamışam, gözəlliyimi duymamışam. Özümə bəzək-düzək verməmişəm, marağım ancaq oxumağa, kitab-dəftərə olub. Amma qızlar bulağından su içəndən sonra başladım özümə baxmağa. Evdə o qədər güzgüyə baxırdım, axırda atam bir gün dedi ki, Elzanın əlindən güzgülər evdən qaçacaq. Atamdan utanırdım deyə, evdə bu güzgüyə baxardım, atamı görən kimi o biri evə qaçıb o biri güzgüdə özümə baxırdım. Atam da axırda belə deyirdi”.
“Oğlanlar adımı “boksyor” qoymuşdular”
“Sinifdə 41 nəfər olmuşuq. Deyim ki, sinifdə də gözəgəlimli qız olmamışam. Arıq qız idim, amma həmişə səliqəli geyimimlə diqqət çəkirdim. Bununla belə oğlanların məndən xoşu gəlirdi. Amma vay o günə ki, biri mənə yaxınlaşaydı, dərhal onu döyürdüm. Oğlanlar mənim adımı çəkə bilmirdilər qorxularından. Adımı da “boksyor” qoymuşdular. Çox tərbiyəli qız idim. O vaxtlar əksər qızlar belə idi, hərəkətlərinə fikir verərdilər. Oğlanla danışmaq-görüşmək nədir, bizi öldürərdilər. Anamdan çox qorxardım.
Orta məktəbdə oxuyanda şeirlər yazardım. Yazdıqlarımı ədəbiyyat müəlliməmə göstərərdim, o mənə məsləhətlər verərdi. Parta yoldaşım vardı, Cavid adlı. Onun da çoxlu fəxri fərmanları vardı. Mənə də gözəl şeirlərimə görə çoxlu məktublar gələrdi. Əlaçı olmamışam. Bunun da səbəbi vardı. Çünki evimizi tez-tez dəyişərdik. Gəlirdim, sinfə uyğunlaşana, müəllimlər məni tanıyana qədər iş-işdən keçirdi. İnsan var ki, 50 il bir evdə yaşayır. Anam isə sevirdi evi tez-tez dəyişməyi. Düz 16 dəfə ev dəyişmişdik. Hazırda qaldığım evi də anam dəyişməyimi istəyir. Anam evləri dəyişməyi inkişaf kimi qiymətləndirir. Bir otaqlını, ikiotaqlaya dəyişir, daha da böyüdür. Həyət evini genişləndirir, villaya çevirir – bir sözlə, xoşlayır belə şeyləri. Çox zəhmətkeş qadındır. Hərdən deyirəm ki, sən Bakı şəhərinin baş memarısan, xəbərin yoxdur. Anam daşla-torpaqla oynamağı sevir”.
“Ərə gedəndən sonra o məktubları cehizlərimin arasından tapdım”
“Uşaq vaxtı hobbilərim də olub. Toxumağı çox sevirdim. Babama corab toxuyurdum. O vaxtlar gündəlik yazmağa pis baxırdıq, çünki anam qoymurdu yazmağa. Amma çoxlu məktublar yazırdıq. Allaha yazdığım həmin məkubları indi də saxlayıram. Anam deyirdi ki, məktub yazın Allaha və söz verin ki, tutalım bu il məktəbi əla qiymətlərlə bitirəcəyəm, ya musiqi texnikumuna qəbul olunacağam. Ərə gedəndən sonra o məktubları cehizlərimin arasından tapdım, anam həmin məktubları sandığa yığıb ər evinə göndərmişdi. Bir müddət keçəndən sonra bu xasiyyət məndə qalmışdı. Mən Allaha məktublar yazıb şükürlərimi ifadə edirdim, günahlarımın bağışlanmasını diləyirdim. Mən o məktublarda Allahdan nə arzu etmişəmsə, hamısına çatmışam. Özü də artıqlaması ilə. Hərdən istəmişəm o məktubları dənizə atım, amma deyirəm yox, bu da mənim keçdiyim həyatdır. Məktublara baxıram, gecə saat 3-də, 4-də yazdığım məktublardır. Türkiyədə, Rusiyada da yazılıb bu məktublar”.
“Sən demə, məni almaq istəyirmiş”
“Evimizə çoxlu elçilər gəlib məndən ötrü. Mən isə uşaq vaxtı sevgiylə maraqlanmamışam. Gözümü açandan elə həyat yoldaşıma veriblər, getmişəm. Elə bilmişəm elə sevgi deyilən şey də budur. Onun bacısı ilə mən musiqi texnikumunda bir qrupda oxuyurduq. Məni Gülya adlı müəlliməm öz oğluna almaq istəyirdi. Fortopiano müəliməm idi, Nərminə adlı qızı da vardı. Bir gün mənə dedi ki, oğlum əsgərlikdən gəlir, səndən də xoşumuz gəlir. İstəyirik səni Samirə alaq. Mən də qrup yoldaşım Arzuya-sonradan baldızım oldu-dedim ki, qardaşın Elşəndən mənə bir neçə kaset göndər. Bəs mənə elçi gələcəklər onlar üçün evdə musiqi qoyum qulaq assınlar. O da gedib qardaşına demişdi ki, bəs kaset ver, Elzaya aparım, qonaqları olacaq. O da demişdi ki, vermirəm, Elzanı özüm istəyirəm. Elə bununla da durub mənə elçi gəldilər. Arzu qayıtdı ki, sentyabrda bizim evimizdən dərsə gedəcəksən. Onun sözlərinə güldüm ki, nə danışırsan, hələ mən bir neçə il oxuyacağam. Doğrudan da məni 24 günün içində gəlin apardılar. İyulun axırı mənə elçi gəldilər, avqustda toyum oldu, sentabrda dərsə onlardan getdim. Oğlan da bizimlə bərabər texnikumda tar sinfində oxuyurdu. Peşman da deyiləm, çünki gözəl övladlarım var”.
“Saçımızı “podmalçişka” kəsdirərdi ki, oğlana oxşayaq və bizə baxan olmasın”
“Anamın arzusu idi ki, bizi yaxşı oğlanlara ərə versin. Amma qismətdən artıq yemək olmaz. Anam ümumiyyətlə, sərt qadın olub və bizə ciddi nəzarət edib. 8-ci sinfə qədər saçımızı “podmalçişka” kəsdirərdi ki, oğlana oxşayaq və bizə baxan olmasın. Biz ərə gedəndən sonra saçımızı uzatdıq. Hər zaman mən bacım Lalənin “kuklası” olmuşam. Onun qarşısında dayanmışam, mənim üçün paltarlar tikib. Heç o biri bacılarım onun tikdiyini geyinməzdi.
Uşaq vaxtı o qədər saçyoldusuna çıxırdıq ki… Bir dəfə bacım Lalə məni qovanda ayağım xalçaya ilişdi, yıxıldım, başım şkafa dəyib qanadı. Mən də anama demədim. Bulkanın arasına şit yağla kolbasa qoyub başımı aldatdılar ki, anama deməyim. Anamda bir xasiyyət vardı, birimizə bir şey olanda dördümüzü də döyürdü. Fikirləşdim ki, üç bacım və mən döyülməkdənsə, yalan danışım. Dedim ayağım sürüşüb, yıxılmışam.
Bir dəfə böyük dayım məni “Oktyabryat ulduzu” verilişinə apardı. Diktor da Şərqiyyə xanım idi. Mən canlı yayımda etüd, sonata, prilüda çalmalı idim. Pianoda çalıram, əlim dolaşır, hər şey beynimdən çıxır. Dayım da o vaxt güləş üzrə məşhur məşqçi idi. O gəlib qolumdan bir çimdik götürəndən sonra dərhal beynim açıldı və əsər yadıma düşdü, çalmağa başladım”.
“Anam bizi öyrədirdi ki, oğlanlar söz atsalar, cavab verməyin”
“Papanin”də nənəmgildə qaldığım günlər indi də yadımdadır. Orda “ortadaqaldı”, “qaçdı-tutdu” oynayardıq, ayaqyalın qırın üstündə gəzərdik. Orda tramvay xətti vardı, nənəm Cavadzadənin xəstəxanasında aptekdə işləyərdi. Nənəmi gözləyərdik, gələndə hərəmizə bir dənə yaşıl bibər alardı. Deyərdi ki, bunu yeyin, “S vitamin”dir. Nənəmgil ortaya yun töküb didərdilər. Bu yaxınlarda maşınla o yerələrə getdim və ötən günləri xatırlayıb, doyunca ağladım.
Bir dəfə məktəbə ac getmişdim, orda başım fırlanıb yatmışdım. Birdən gördüm hamı başıma yığışıb. Başımı qaldırıb gördüm ki, anam əlində yemək durub yanımda. Anam iki növbə işləyirdi, gəlib görüb ki, mən artıq dərsə getmişəm, ac”.
“Oğlanları döyürdüm, ozümü Brüs Liyə oxşadırdım”
“Anam həmişə bizi öyrədirdi ki, sizə oğlanlar söz atsalar, cavab verməyin. Çünki cavab verəndə ardımızca gəlirdilər. Konservatoriyada oxuyanda oğlanlar mənə söz atırdılar, əvvəlcə Azərbaycan dilində, cavab vermirdim, sonra keçirdilər rus dilinə. Yenə də cavab vermirdim. Elə bilirdilər lalam, çıxıb gedirdilər. Anam uşaq vaxtı bizə deyirdi ki, əgər sizi bir oğlanla görsəm, başınızı kəsərəm. Anam uzaqdan bizə baxardı, əgər paltomuzun yaxası açıq olsaydı, üstümüzdə bir oxlov sındırardı. O deyirdi ki, yaxşı qızlar yaxalarını açıq qoymurlar, yaxasın açıb əlini cibinə salan qızlara pis baxırdılar. Dayancaqda dayananda da ayağımızı cütləyib dayanardıq. Uşaq olanda deyirdim ki, qardaşım yoxdur, böyüyəndə bacılarımı mən qoruyacağam. Əlimi daşa sürtüb bərkidirdim və oğlanları döyürdüm. Özümü Brüs Liyə oxşadırdım. O vaxt axı qızlara sataşan olanda qardaşı gedib döyürdü. Atam da dünyasını tez dəyişmişdi deyə, mən bacılarıma dəstək olmağa çalışırdım. Bir dəfə Sumqayıtda məkəbdə oxuyanda Elxan adlı oğlan adımı çəkdiyi üçün sinfə gətirib o ki, var döymüşdüm. Heç kim inanmazdı ki, elə bir qız böyüyəndə mənim kimi incə, nazlı Elza ola bilər”.
publika.az