Bir müddət əvvəl Milli Şuranın prezidentliyə namizədi Rüstəm İbrahimbəyovun namizədliyinin qeydə alınmayacağı ehtimalını önə çəkən Müsavat başqanı İsa Qəmbər öz namizədliyi ilə bağlı partiyanın 4 yanvar tarixli qərarının qüvvədə qalacağını bildimişdi. Milli Şuranın son toplantısında isə Rüstəm İbrahimbəyovun seçkiyə qatılmasının problemli olduğu nəzərə alınaraq, ehtiyat variant kimi Cəmil Həsənlinin namizədliyi irəli sürüldü. Bununla da Milli Şuranın öz namizədi ilə seçkiyə qatıla biləcəyi dəqiqləşdi.
Maraqlıdır, bu məsələ həllini tapdığı üçün Müsavat Partiyası İsa Qəmbərin namizədliyi ilə bağlı qərarına yenidən baxacaqmı?
Teleqraf.com-un sualını cavablandıran Müsavat başqanının müavini Gülağa Aslanlı deyib ki, müavinləri və ya İsa Qəmbər özü Müsavat Partiyasının prezidentliyə namizədinin geri çəkilməsi barədə qərar verə bilməz.
Onun sözlərinə görə, Müsavat Partiyası ciddi partiyadır və bütün ciddi qərarları öz qurumlarında verir. O, bildirib ki, İsa Qəmbərin prezidentliyə namizədliyi Məclisdə irəli sürülüb. “Məclis səlahiyyəti Divana vermişdi. Gözləyirik ki, partiyanın divanı olsun. Partiyanın Divanı bu qərarı qüvvədən sala bilər. Bu gün Divanın toplantısı olacaq və yəqin ki, məsələ müzakirə olunub müvafiq qərar veriləcək”.