Yerli müxalifətin lideri “yaxın iki-üç gündə mühüm bəyanat olacaq” dedi
ABŞ və müttəfiqləri bu həftə Suriyaya qarşı hava əməliyyatına başlaya bilər. Virtualaz.org xəbər verir ki, bu haqda “The Financial Times” qəzetinə adı açıqlanmayan yüksək vəzifəli rəsmi bildirib.
Mənbə deyib ki, Qərb ölkələri Suriya rejiminin kimyəvi silah tətbiq etməsinə cavab olaraq BMT Təhlükəsizlik Şurasının icazəsini gözləmədən hərbi əməliyyatlara başlamağa hazırdır və qərarın bu həftə ərzində veriləcəyi gözlənilir. Lakin mənbə Qərb ölkələrinin Suriyadakı vətəndaş müharibəsinə uzunmüddətli müdaxiləyə hazırlaşmadığını, hərbi əməliyyatların Əsəd rejiminə bağlı qüvvələrin bazalarına dəqiq raket-bomba zərbələrinin endirilməsi şəklində olacağını bildirib.
Xəbər verildiyi kimi, ötən həftə Əsəd rejimi Dəməşq yaxınlığında müxaliflərin nəzarətindəki bölgəyə kimyəvi silah tətbiq edərək minlərlə adamı qətlə yetirib. ABŞ prezidenti Barak Obama dəhşətli qırğına cavab olaraq orduya müdaxilə hazırlığı əmrini verib. Pentaqon rəhbəri Çak Heyql bəyan edib ki, Amerika ordusu müdaxiləyə hazırdır və prezidentin əmrini gözləyir. Hazırda ABŞ bu məsələ ilə bağlı öz müttəfiqləri ilə danışıqlar aparır. Ən azından Fransa və Böyük Britaniya Əsəd rejiminə qarşı əməliyyatları dəstəkləməyə hazırdır.
Hərbi ekspertlərin qənaətinə görə, Suriyanın vətəndaş müharibəsindən zəifləmiş hava hücumundan müdafiə qüvvələri Qərb təyyarələrinin qarşısını ala bilməz. Bununla belə Əsədin hava hücumundan müdafiə qüvvələri hələ də risk təşkil edir.
Bu arada Suriya müxalifəti yaxın günlərdə “vacib qərarın elan olunacağını” anons edib.
“Sabaha qədər gözləyin və siz çox mühüm bəyanat eşidəcəksiniz. Bundan sonrakı üç-dörd gün ərzində isə nə regionun, nə dünyanın son bir neçə ildə şahidi olmadığı hadisələr baş verəcək” – deyə Suriya müxalf qüvvələrinin Parisdəki təmsilçisi Monzer Makhous bildirib.
O, əlavə edib ki, bəyanat Suriya müxalifətindən deyil, “Suriyanın dostlarından” gələcək. M.Makhous Bəşər Əsəd rejiminə qarşı hərbi əməliyyatlara hazırlıq getdiyini və müxalif qüvvələrin bu əməliyyatda iştirak edəcəyini deyib.
Virtualaz.org