Prezident İlham Əliyevin dünənki sərəncamına əsasən, yaşa görə əmək pensiyasının baza hissəsinin məbləğinin 2013-cü il sentyabrın 1-dən 100 manat müəyyən edilməsi ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov mətbuat konfransı keçirib.
Modern.az-ın məlumatına görə, S.Müslümov vurğulayıb ki, iqtisadi proseslərin hazırki kontekstində əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin uğurla icra edilməsi, maaş və pensiyaların artırılması ölkə hökumətinin ən vacib məsələlərindən biridir. Onun sözlərinə görə, son 10 il ərzində pensiyalarının orta aylıq məbləği 9,2 dəfə artaraq 18,4 manatdan 170 manata, minimum məbləği 7,1 dəfə artaraq 14 manatdan 100 manata, yaşa görə pensiyalar üzrə əvəzetmə əmsalı 29,3 faizdən 45faizə çatdırılıb.
DSMF sədri Azərbaycanda 1 iyul 2013-cü il tarixə 1 milyon 272 min 566 pensiyaçının olduğunu bildirib. O nəzərə çatdırıb ki, Prezidentin əmək pensiyalarının baza hissəsinin 17,6 faiz artırılmasına dair sərəncamı təxminən 1 milyon 209 min 135 pensiyaçıya şamil olunacaq. Bu artımdan yararlanmayan qulluq stajına görə əmək pensiyasına əlavələr alanlar, yəni dövlət qulluqçuları, hərbi qulluqçular və digər bu kateqoriyaya aid pensiyaçıların sayı 63431 nəfərdir. Onların pensiyaları isə “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq fərqli qaydada artırılır. DSMF sədri deyib ki, pensiyanın baza hissəsini 100 faiz alanların (1 milyon 90 min nəfər) pensiyasının artımı 15 manat, bəzi kateqoriyaya aid olan pensiyaçılarda isə daha çox olacaq. Belə ki, pensiyanın baza hissəsini 120 faiz həcmində alanlar ((I qrup gözdən əlillər istisna olmaqla) 15 min 580 nəfər)) üzrə artım 19 manat 50 qəpik, pensiyanın baza hissəsini 200 faiz həcmində alanlar üzrə ((I qrup gözdən əlillər) 7763 nəfər)) isə 31 manat 50 qəpik təşkil edəcək.
Milli qəhrəmanların ailə üzvlərinin pensiyasının baza hissəsi 30 manat artırılaraq 200 manata, şəhid ailəsi üzvlərinin pensiyasının baza hissəsi isə 27 manat 75 qəpik artırılaraq 185 manata çatacaq.
Döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi quluqçuların pensiyasının baza hissəsi 16 manat 50 qəpik artacaq.
Böyük Vətən Müharibəsi (BVM) iştirakçılarının pensiyasının baza hissəsi 28 manat 50 qəpik, I qrup BVM əlillərininki 37 manat 50 qəpik, II qrup BVM əlillərininki 31 manat 50 qəpik, III qrup BVM əlillərininki isə 28 manat 50 qəpik artırılacaq.
S.Müslümov qeyd edib ki, əmək pensiyalarının baza hissəsinin artımının maliyyələşdirilməsi üçün hər hansı bir problem yoxdur və bu məqsədlərə ilin sonuna kimi təxminən 73,2 milyon manat əlavə vəsait tələb olunur.
DSMF sədri onu da bildirib ki, hazırda Azərbaycanda əmək pensiyalarının baza hissəsi 128 ABŞ dolları təşkil edir. Bu göstəriciyə görə, Azərbaycan MDB-də üçüncü yeri tutur. Qazaxıstanda əmək pensiyasının baza hissəsi 185 ABŞ dollar, Belarusda 129 dollar, Rusiyada 109,3 dollar, Ukraynada 111,8 dollar, Ermənistanda 31,7 dollar və s. təşkil edir.