Fəaliyyəti məcburən dayandırılmış “Xural” qəzetinin hazırda həbsdə olan təsisçisi və baş redaktoru Əvəz Zeynallının Mətbuat Şurasına qarşı qaldırdığı iddia ilə bağlı bu gün Nərimanov rayon Məhkəməsində hakim Məzahir Sadıqovun sədrliyilə məhkəmə iclası keçirilib.
Hakim M.Sadıqov məhkəmənin ilk dəqiqəsində tərəflərə barışıq təklif etdi. Ə.Zeynallı “Xural” qəzetinin adı MŞ-nın məlum siyahısından çıxarıldığı təqdirdə barışıq üçün heç bir problemin qalmadığını söyləyib.
MŞ-nın səlahiyyətli nümayəndəsi Müşviq Ələsgərli bu hadisədən sonra kifayət qədər müddət keçdiyini nəzərə alaraq, müəyyən şərtlər əsasında barışığa getməyin mümkünlüyünü qeyd edib.
Ə.Zeynallı tərəfindən heç bir şərti qəbul etmədiyini söylədi. Bundan sonra hakim qanuna əsasən ilk olaraq iddiaçı “Xural” qəzetinin baş redaktoru Ə.Zeynallının müdafiə tərəfinə söz verdi. Məhkəmədə vəkil E.Sadıqov iştirak etmədiyindən Ə.Zeynallı öz hüquqlarını özü müdafiə edib.
Məhkəmə sentyabrın 2-si saat 11:00-dək təxirə salınıb.
Xatırladaq ki, Mətbuat Şurası “Xural” qəzetini “reket qəzet” elan edib və qəzet buna etiraz edərək məhkəmə iddiası qaldırıb.