Rauf Ağayevin ad günüdür
Bu gün Azərbaycan Beynəlxalq Bankının Mətbuat Xidmətinin rəhbəri, “Bank Technique” ASC-nin müşahidə şurasının üzvü Rauf Ağayevin 55 yaşı tamam olur.
R.Ağayev Azərbaycan jurnalistikası tarixində onlarla ilkə imza atmış, ölkənin müstəqillik dönəmində müasir publisistikanın əsasını qoymuş azman jurnalistlərdəndir.Belə ki, bir müddət mətbuat tarixində ilk dəb jurnalı olan “Arzu”da redaktor (1989-91) işləyib. Eyni zamanda 1991-ci ildə Azərbaycanda ilk müstəqil jurnalist təşkilatının – “Azərbaycan Gənc Publisistlər Cəmiyyəti”nin yaradıcısı və sədri olub.
1992-ci ildə Cəmiyyətin nəzdində ölkə mətbuatında ilk dəfə müxbirləri və baş redaktoru istedadlı orta məktəb şagirdlərindən ibarət redaksiya təşkil etməklə “Təmas” adlı qəzeti onların ixtiyarına verib. 1993-cü ildə ölkədə ilk dəfə üzvləri tələbə-jurnalistlərdən ibarət olan “Freelancer journalists” (azad jurnalistlər) qurumunu yaradıb.
1994-cü ildə ölkədə ilk dəfə, o vaxtlar pulsuz qəzet adı ilə tanınan və ev, müəssisə, idarələrə ödənişsiz paylanan, üç dildə nəşr olunan “Reklam. Elan. Xəbər” qəzetinin təsisçisi və redaktoru olub. 1992-93-cü illərdə Cəmiyyət adından BDU jurnalistika fakültəsinin fəal tələbələri üçün Milli Qəhrəman, jurnalist Alı Mustafayev adına təqaüd təsis edib, Moskvada nəşr olunan “Панорама Азербайджана» qəzetinə maddi yardımlar göstərib.
1995-99-cu illərdə “Xalq qəzeti”ndə kommersiya direktoru, baş redaktorun müavini, həmin qəzetin “Bazar günü” və “Cümə” əlavələrinin məsul redaktoru vəzifələrində çalışıb.<p”>2006-cı ildə Beynəlxalq Jurnalistlər Federasiyası (BJF) ona “Beynəlxalq Jurnalist” sertifikatını təqdim edib. “Zərdabi” Mətbuat Mərkəzinin Azərbaycanda KİV-ə informasiya vermə səviyyəsini öyrənmək üçün 2006-cı ilin avqustunda (100 respondent) və 2007-ci ilin yanvarında (150 respondent) aparıcı mətbu orqanların rəhbərləri və əməkdaşları arasında keçirdiyi sorğuların nəticələrinə görə Azərbaycan Beynəlxalq Bankı “Azad İnformasiya Məkanı” mükafatına layiq görülüb.
Hal-hazırda Azərbaycan Beynəlxalq Bankının Mətbuat Xidmətinin rəhbəri, eyni zamanda “Bank Technique” ASC-nin müşahidə şurasının üzvü vəzifəsində çalışır. Ailəlidir, iki övladı var.