publika.az -ın Layihəsinin qonağı Xalq artisti, Akademik Milli Dram Teatrının aktrisası Məleykə Əsədovadır. Uşaqlıq illəri barədə danışarkən göz yaşlarını saxlaya bilmədi. Atasının qəfil və vaxtsız ölümünü, ailənin ağırlığını zərif çiyinlərində daşımasını xatırladıqca haldan-hala düşdü. Siz də bu müsahibəni oxuyub aktrisanın indiyə qədər heç yerdə danışmadığı gizlinlərindən xəbərdar olacaqsınız…
“Atam anamı Bakıdan Neftçalaya qaçırmışdı”
“Çox ziyalı bir ailənin övladı olmuşam. Anam əslən Zaqatala royonundan olub, amma Bakıda yaşayıb. Atam onu sevib və Neftçalaya qaçırıb. Anam uşaq həkimi idi. Amma atam çox qısqanc olduğundan ona təhsilini başa çatdırmağa belə imkan verməyib. Sonradan anam məktəbdə işləməyə başlayıb. Zəngin ailə olmamışıq, amma zəngin tərbiyə və bolluca sevgi almışıq. Biz evdə “yoxdu” sözü eşitməmişik. Atam evin tək oğlan övladı olduğundan, həm də rayon yeri idi, istəyirdilər ki, onun oğlanları doğulsun. Məndən əvvəl iki bacım olub, sonradan ailə oğlan övladı gözləyib. Amma elə olub ki, mən doğulmuşam. Şəfqət bacısı məni gətirib atama göstərib və deyib ki, gör nə gözəl qızdır, sanki mələkdir. Mən də ağappaq, sarı, qıvrım saçlarla bir mələyə bənzəmişəm. Atam məni alıb qucağına və deyib; “madam ki, bu qız mələyə bənzəyir, elə adı da qalsın Məleykə”. Ayağım çox yüngül olub, dalımca qardaşım dünyaya gəlib. Amma doqquz aydan sonra dünyasını dəyişib. Sonra yenidən bir bacım dünyaya gəldi. Qardaşımız olmasa da, mən bacılarıma qardaş, ata-anama oğul kimi oldum”.
“Stolun üstünə çıxıb mahnılar oxuyurdum”
“Atam bizə əl qaldırmazdı, çox sevərdi. Amma zabitəli olduğundan bir baxışı bizə yetərdi. Anam isə bizi səhfimiz olanda danlayardı, daha çox cəza üsulu kimi küncə qoyardı. Mən əziz-xələf və şirin uşaq olduğumdan mənə söz demək mümkün deyildi, dərhal küsüb ağlayır və atama şikayətlənirdim. Mən məktəb vaxtlarında qeyri-adi uşaq olmuşam, öz-özümə mahnılar oxuyur, daima mütaliə edirdim. Dördüncü sinifdə itkən artıq “Cinayət və cəza”nı oxuyub bitirmişdim. Hətta o qədər çox kitab oxuyurdum ki, axırda ata-anam əlimdən alırdılar o kitabları. Deyirdilər başın ağrıyacaq. Aşağı siniflərdə dünya nağıllarını əzbərdən bilirdim. Oxuduğum kitabların qəhrəmanlarının yerində özümü xəyalən canlandırırdım. Yatdığım otaqda divardan bir xalça asılmışdı. Ovçu tüfənglə, qarşısında da ceyran. Mən o xalçaya baxıb beynimdə yüz cürə nağıllar uydurub qonşu uşaqlarına danışırdım. Bu fantaziyalarım mənə gələcəkdə çox kömək elədi. Şeirlər yazırdım balacalıqda. Mənsur şeirlər. Elə indi də hərdən yazırdım. Mən ümumiyyətlə, incəsənət üçün doğulmuşdum. Məktəbdə şeirlər oxuyurdum, dərnəyə gedirdim, mahnılar oxuyurdum. Atam həmişə deyirdi ki, Məleykə, mən xəbərlər və futbola baxanda bir az sakit ol. Qalan vaxtlarda evimizdə bir canlanma olardı, mənim sayəmdə. Özümə mikrafon düzəldib stolun üstünə çıxıb mahnılar oxuyurdum. Elan da edirdim ki, oxuyur Zeynəb Xanlarova. Yeddinci sinifdə sərbəst inşa yazanda ilk dəfə olaraq mən öz arzumu yazdım ki, mən böyüyəndə aktrisa olacağam”.
“Bir onda ayıldım ki, atamı basdırıb qayıdıblar”
“Hüquqa da marağım böyük idi, hüquqşünas olmaq da ürəyimdən keçirdi. Çünki ədalətin, haqqın tərəfində olan uşaq idim. Elə indi də eləyəm. Amma aktrisa olmaq arzum hər şeyi üstələdi. Getdim və İncəsənət İnstitutuna da qəbul olundum. Atam mənim üçün şəhərdə yaxşı bir ev kirayələdi. Amma sevincim uzun sürmədi, heç vaxt ürəyindən şikayət etməyən atam qəfildən infarkt keçirdi və dünyadan köçdü – 50 yaşında. Həyatımın ən ağır zərbəsini onda aldım. Bir il əvvəl yuxu görmüşdüm; haradansa efimizə gəlirəm və çəpərdən görürəm ki, atam vəfat edib. Bu yuxunu atama danışanda o dedi ki, ay qızım ömrümü uzatmısan. Atam dünyasını öz adı günündə – oktyabrın 24-də dəyişib. Mən onda Bakıda təhsil alırdım. Həmin gecə səhərə qədər yata bilmədim, fikirləşirdim ki, görəsən atam gəlib məni rayona aparacaqmı? Çünki hər şənbə-bazar atam məni evə aparırdı. Dərsə gəldim və mənə xəbər verdilər ki, nənənə nəsə olub, get evinizə. Mən fikirləşdim ki, yəqin atamın ad günüdür, məni bəhanə ilə evə aparmaq istəyirlər, bunun üçün teleqram vurublar. Onda da “layka” plaşlar yenicə dəbdə idi və mən də almışdım özümə. Atam mənə həmişə artıqlaması ilə pul verirdi ki, korluq çəkməyim. Təzə aldığım paltarlarımı geyindim, təzə çəkdirdiyim şəkillərimi götürüb getdim rayona. Yuxuda gördüyüm kimi oldu, çəpərdən baxdım və gördüm ki, çoxlu adamlar yığışıb. Qapıdan içəri girən anda bayıldım və gözümü açanda artıq atamı dəfn edib qayıtmışdılar. Mən onda elə bildim anama nəsə olub, çünki onun ürəyi xəstə idi. Şıltaq, hər zaman yalandan nazlanıb ağlayan Məleykə bu dəfə doğrudan ağladım”.
“Toylara getdim, pul qazandım, gəlib Bakıda özümə ev aldım”
“Qaldıq çətinliklərlə üz-üzə. Evə pulu atam gətirirdi. Qardaşım yox, yük düşdü anamın üzərinə. Anam bir ilin içində dərddən arıqlayıb pis günə düşdü. Yaxşı yerdə kirayə evdə qalan mən çətinliklərlə qarşılaşdım. Fikirləşdim ki, kirayə pulunu necə verəcəyəm. Özümü toparladım və başladım rayonumuzda toylara getməyə. Hər kəs tələbəliyin dadını çıxaranda mən pul qazanmaqla məşğul idim. Dərsdən çıxıb marşruta minib rayona toya gedirdim. Onda da qız toyları səhərə qədər davam edirdi. Səhər tələsik marşruta minib şəhərə – dərsə qayıdırdım. O vaxt qohumlarımızdan etiraz edənlər oldu ki, Məleykə toylara getməsin, qız uşağıdır. Amma gətirib bir qəpik verən yox idi e… Hansı ki, anama kömək lazım idi, ailəmiz ayağa qalxmalı idi. Mən anama və ailəmə dəstək oldum. İntistitutu bitirdim və rayonumuza qayıdıb mədəniyyət evində işlədim. Toylara getdim, pul qazandım və gəlib Bakıda özümə ev aldım. 1989-cu ildə Gənclər Teatrında işə düzəldim. Mən ilk dəfə Cəfər Cabbarlının “Aydın” pyesində Gültəkini oynadım. Barat Şəkinskya da oynamışdı bu rolu. O, mənim roluma baxıb heyrətlənmişdi və demişdi ki, səhnəyə doğru, dürüst aktrisa gəlir”.
“İndi də o rola baxanda qrimimə görə utanıram”
“Mərhum rejissorumuz Lütfi Məmmədbəyov mənə sənətdə böyük dəstək olub. O, xarici görünüşümü, diksiyamı, zəngin daxili aləmimi yüksək qiymətləndirirdi. O, məni tamaşaçılarıma tanıdıb. Elə gənclər teatrına da onun köməkliyi ilə getdim. Mən onun rejissorluğu ilə “Yad qızı” tamaşasında Jalə rolunu oynadım. Təsəvvür edin, 21 yaşında bir qız 30 yaşlı qadını canlandırmalıyam. Qrim-zad elədilər, oynadım. Hələ indi də o rola baxanda qrimimə görə utanıram. Səhəri gün hər yerdə məni Jalə deyə çağırırdılar. Sonra “Kimdir müqəssir?”, “İtkin gəlin”ə çəkildim. Artıq qəbul olunmuşdum aktrisa kimi. Deməli, məni qəbul etmişdilər. Ümumiyyətlə, məni qəbul etməsəydilər, sənətdən gedəcəkdim”.