Dövlət başçısı İlham Əliyev Ermənistan tərəfinin təmas xəttini qorumaq üçün canlı qüvvəsinin olmadığını deyib
“Biz köçkünlərimizi öz dədə-baba torpaqlarına köçürək. Əminəm ki, biz onu da həll edəcəyik, çünki başqa yol ola bilməz. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir və edəcək. Bu məsələ ölkəmiz, xalqımız üçün ən vacib məsələdir. Bu ədalətsizliyə son qoyulmalıdır. Ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Haqq-ədalət bərpa edilməlidir”.
Bunu Bərdədə Ağdam rayonundan olan məcburi köçkünün mənzilində olan dövlət başçısı İlham Əliyev deyib.
Prezident Azərbaycan öz ərazi bütövlüyünü tam şəkildə bərpa edəcəyinə əmin olduğunu, köçkünlər Dağlıq Qarabağa, digər torpaqlara qayıdacağını deyib. “Dağlıq Qarabağda, Xankəndidə, Şuşada Ağdamda, digər şəhərlərdə bundan da gözəl binalar tikiləcək”.
İ.Əliyev Ağdam rayonunun işğaldan azad olunan yerlərində qəsəbələr tikildiyini, rayonun sakinlərinin təxminən yarısı, bəlkə də yarıdan çoxu yeni qəsəbələrdə yaşadığını deyib. Onun sözlərinə görə, Ağdam şəhəri azad olunandan sonra yenidən qurulacaq. “Çünki vəhşi, mənfur düşmənlər Ağdamı yerlə-yeksan etdilər. Şəhəri yerlə-yeksan etmək görünməmiş bir vəhşilikdir. Bizim tarixi abidələrimiz, məscidlərimiz, tarixi yerlərimiz dağıdılıb, talan edilib. Bunu kim edib? Ermənilər – vəhşilər ediblər.
Əlbəttə ki, bu vəhşilik cavabsız qalmayacaq. Biz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Çünki müxtəlif amillər vardır. Birincisi, inkişaf edən Azərbaycandır, tənəzzülə gedən Ermənistan. Bu, artıq reallıqdır. Azərbaycan getdikcə güclənir, Ermənistan getdikcə zəifləyir. Azərbaycanın iqtisadi, hərbi gücü artır, Ermənistan isə artıq etiraf edib ki, öz gücünə öz təhlükəsizliyini təmin edə bilmir və son hadisələr bunun əyani sübutudur. Dünya mətbuatı da bunu qeyd edir ki, Ermənistan öz təhlükəsizliyini təmin edə bilmədiyi üçün müxtəlif addımlara əl atır”.
Prezident bildirib ki, indiki Ermənistan rəhbərliyi və onların rəhbəri Sarkisyan nə qədər hakimiyyətdə qalsa, torpaqlarımız o qədər də tez azad olar. “Çünki o adam və onun ətrafındakılar Ermənistanı uçuruma aparıblar. Artıq uçurumdadırlar. Çünki iqtisadiyyat çöküb, əhali qaçır. Elə onların özlərinin rəsmi statistikasına görə hər il 80 min erməni bu ölkəni birdəfəlik tərk edir. Belə getsə, 5-6 ildən sonra orada bir milyondan az adam qalacaq. İndi təmas xəttində bizim mövqelərimiz qorunur, əsgərlər orada dayanıblar, orada Ermənistan tərəfini təmas xəttini qorumaq üçün canlı qüvvə yoxdur. Boşluqlar var. Bu proses tədricən daha da sürətlə gedəcək”.