15 Sentyabr böyük tarixi əhəmiyyətə malik bir gündür bizim üçün. Çünkü bundan tam 95 il öncə, Sentyabr ayının 15-də Azərbaycanın paytaxtı Bakı şəhəri erməni-rus hərbi birləşmələrinin əlindən qurtarıldı. Tariximizə Bakının qurtuluşu kimi qeyd olunmuş bu hadisə heç də səthi yanaşılacaq bir hadisə deyil. Böyük bir siyasətin, dərin bir planın parçasıdır. Bakının azad edilişi öncəliklə yeni qurulmuş Azərbaycan Cumhuriyyətinin istiqlal bəyannaməsində elan etdiyi paytaxtına qovuşması idi. Çünkü “Bakısız Azərbaycan, Azərbaycansız Bakı” düşünülə bilməzdi. Bu qurtuluş eyni zamanda 1918-ci ilin Mart Soyqırımı günlərində ruhdan düşmüş, çarəsiz qalmış milləti yenidən diriltmiş, hökümətin paytaxta köçməsi ilə Azərbaycanın, dünya dövlətləri arasında yer ala biləcək bir dövlətə çevrilə biləcəyinə inancını artırmışdı. Ayrıca millətimiz, ortaq tarixə, mədəniyyətə, dil və din birliyinə sahib olduğu Osmanlı dövlətinin həqiqi və səmimi şəkildə “qardaş köməyinin” şahidi olmuşdu.
Azərbaycan Cumhuriyyəti 28 May 1918-ci ildə Tiflis şəhərində elan olunmuşdu. Çünkü o dönəm Bakı erməni-rus bolşeviklərinin əlində, yəni Bakı Sovetinin ixtiyarında idi. Bakı və ətraf bölgələr Sovetin təsirində, Azərbaycanın xüsusən qərb və mərkəzi bölgələri isə Milli Şuranın təsirində qalmışdı. Göründüyü kimi ölkədə iki hakimiyyətlilik vardı. Milli Şura Gəncəyə köçdükdən sonra qarşısına tək bir məqsəd qoymuşdu. Bu məqsədi Məmməd Emin Rəsulzadə belə açıqlayırdı: “Nə olursa olsun Bakını almaq, almaq və almaq lazımdır”.
Fəqət bunu həqiqətə çevirmək üçün Azərbaycan hökümətinin ordusu yoxdu. Çünkü Azərbaycan çar Rusiyası tərəfindən işğala məruz qaldıqdan sonra, (bəzi şəxslərin öz istək və iradələri ilə çar ordusunda xidmət etmələrinə baxmayaraq) kişilər ümumiyyətlə əsgərə aparılmırdılar. Azərbaycan azadlığını elan etdiyi dönəmdə bu problem açıqca meydana çıxmışdı. Ordusu olmayan yeni cumhuriyyət Bakı Sovetinin Gəncə və ölkənin digər bölgələri üzərinə olan təhdidlərini dəf etmək iqtidarında deyildi. Bu səbəblə Azərbaycan höküməti 4 İyun 1918-ci ildə Osmanlı dövləti ilə “dostluq və barış“ müqaviləsi imzaladı. Müqavilənin ən mühüm maddəsi Osmanlı dövlətinə bölgədə barış və huzuru təmin etmək üçün ehtiyac olduğunda Azərbaycana hərbi kömək göstərmək məsuliyyəti verirdi. Məhz bu müqaviləyə görə Məmməd Emin Rəsulzadə, Ənvər Paşadan hərbi kömək tələb etmişdi.
Əslində Osmanlının ordu göndərməsi məsələsi də çox çətin idi. Çünkü I. Dünya müharibəsi hələ davam edirdi və Osmanlı, Azərbaycana ordu göndərəcəyi təqdirdə Almaniyanın necə hərəkət edəcəyini bilmirdi. Bu səbəblə ordunun başqa bir adla göndərilməsi lazımdı. Beləliklə göndəriləcək orduya Qafqaz İslam Ordusu adı verildi. Üstəlik Sovet Rusiyası və Almaniyanı daha çox qıcıqlandırmamaq üçün orduya Azərbaycanlı könüllü dəstələrdən ibarət olduğu görüntüsü verildi. Beləliklə Nuru Paşa rəhbərliyində Osmanlı ordusu Gəncəyə gəldi. Daha sonra isə Azərbaycandan könüllü dəstələrin qatılması ilə Qafqaz İslam ordusu aktif əməliyyatlara başladı və Bakının qurtuluşu üçün fəaliyyətlərini genişləndirdi.
Qafqaz İslam Ordusunun gəlməsi Bakıda milli burjuaziyamızın inkişafına böyük təsir göstərdi. Qeyd etmək lazımdır ki, Azərbaycan paytaxtı Bakı Sovetinin hakimiyyəti dövründə erməni və əcnəbi kapitalistlərin “at çapdığı“ bir yer olmuşdu. Milli burjuaziyamız hər tərəfli sıxışdırılırdı. Xüsusən neft sənayesi (bizim üçün hər zaman çox mühümdür) əcnəbi və erməni kapitalistlərinin inhisarına çevrilirdi. Bakının qurtuluşu milli burjuaziyamızın inkişafına müsbət təsir göstərdi.
Son olaraq qeyd etmək istərdim ki, Qafqaz İslam Ordusunun gəlişi ermənilərin Qarabağdakı özbaşınalıqlarına son qoydu. Xatırlatmaq lazımdır ki, Azərbaycan istiqlaliyyətini elan etdiyi dönəmdə ermənilər Qarabağda və digər Azərbaycan bölgələrində xeyli aktivləşmişdilər. Onların vəhşiliklərinə qarşı xalq öz bildiyi şəkildə mübarizə aparırdı, ancaq bu kifayət etmirdi. Qafqaz İslam Ordusunun gəlişindən və Bakının azad edilməsindən sonra qurulan nizami Azərbaycan ordusu Qarabağdakı erməni şiddətinə son verdi.
1918-ci ildə xalqımızın min bir zülmlə, böyük təhlükələrə rəğmən istiqlaliyyətini elan etməsi mühüm bir hadisə olmaqla bərabər onun qorunması, müstəqilliyin daha da möhkəmləndirilməsi lazım idi. Lakin müstəqilliyi möhkəmləndirmək üçün ordu mövcud deyildi. Belə bir çətin anda Nuru Paşanın Anadoludan buraya gəlməsi, Azərbaycanlı könüllülərlə çiyin-çiyinə vuruşması qardaş köməyinin ən böyük nümunəsi kimi tarixdə öz haqlı yerini almışdır.
anspress.com