Suriyaya hərbi müdaxiləni əngəlləyən diplomatik addımlardan sonra İranın nüvə probleminin həlli üçün ümid yarandı. ABŞ prezidenti Barak Obama dünən xalqına İranın yeni lideri Həsən Ruhani ilə məktublaşdığını açıqladı.Publika.Az-ın verdiyi xəbərə görə, ABŞ mətbuatı Vaşinqton və Tehranın nüvə proqram mövzusunda birbaşa müzakirələrə başlayacağını və iki ölkə liderinin gələn həftə Nyu-Yorkda keçiriləcək BMT toplantıları Çərçivəsində bir araya gələ biləcəyini iddia edib.
İddialar təsdiqini tapacağı halda bu iki ölkə liderlərinin 36 illik fasilədən sonra ilk görüşü olacaq. B.Obama İranın yeni prezidenti ilə təmas qurduğunu təsdiqləyib və Həsən Ruhani ilə aralarında bir məktublaşmanın olduğunu bildirib. B.Obama məktubun məzmunu ilə bağlı məlumat verməyib. Amma İrana beynəlxalq sanksiyaların tətbiq olunmasına səbəb olan, bölgəni də davamlı olaraq gərginlikdə saxlayan nüvə proqramı mövzusunda bir razılaşma əldə edəcəyinə ümidvar olduğunu dilə gətirib. ABŞ prezidenti “Məncə iranlıların anladıqları nüvə məsələnin bizim üçün Suriyadakı kimyəvi silah məsələsindən daha əhəmiyyətli bir mövzu olduğudur,- söyləyib.
ABŞ və İran arasında ən son üst səviyyəli görüş 1979-cu il islam inqilabından əvvəl, 1977-ci ildə ABŞ prezidenti Cimmi Karter ilə İran şahı Rza Pəhlevi arasında olmuşdu. Bu baxımdan da B.Obama və H.Ruhaninin Nyu-Yorkdakı görüşü tarixi xüsusiyyət daşıya bilər.
Hələ heç bir tərəf görüşlə bağlı mətbuatda səslənən iddialara cavab verməyib. Ancaq İran tərəfi ali dini lider ayətullah Əli Xomeyninin H.Ruhaniyə ABŞ ilə birbaşa müzakirələr başlamaq üçün səlahiyyət verdiyini açıqlayıb. ABŞ dövlət katibi Con Kerrinin İsrail səfərində də İran mövzusunun xüsusi diqqətdə saxladığı bildirilir.
ABŞ Xarici İşlər Nazirliyinin görüşdən əvvəl verdiyi bəyanatda müzakirələrdə Fələstin-İsrail sülh danışıqları və Suriya böhranının əsas yer tutacağı deyilsə də, İsrail baş naziri Binyamin Netanyahu ilə keçirilən birgə mətbuat konfransında İran da əhəmiyyətli yer tutub. Nüvə proqramının həlli üçün İranın Rusiyadan kömək istəməsi və “Fars” xəbər agentliyinin Rusiya prezidenti Vladimir Putinin qarşıdakı günlərdə İrana səfər edəcəyini xəbər verməsindən sonra B.Netanyahu da C.Kerrinin yanından İrana mesaj göndərib. İsrailin baş naziri “Beynəlxalq cəmiyyətin Suriya ilə əlaqədar sərgilədiyi mövqe Suriya rejiminə himayədarlıq edən İrana birbaşa təzyiq göstərəcək. İran nüvə proqramını davam etdirərək beynəlxalq cəmiyyətə meydan oxumasının nəticələrinin olacağını anlamaq məcburiyyətindədir”, – söyləyib.