“Son bir neçə ildə Azərbaycanın üzləşdiyi erməni təxribatlarından biri də maddi-mənəvi sərvətlərimizin mənimsənilməsidir. Azərbaycan Müəllif Hüquqları Agentliyi bu məsələ ilə əlaqədar mütəmadi olaraq araşdırmalar aparır”.
Bunu Modern.az-a Agentliyin hüquq şöbəsinin müdiri Xudayat Həsənli deyib. Onu sözlərinə görə, erməni plagiatlığı ilə bağlı son aylar ərzində araşdırmalarda hələlik ən ciddi fakt türk müğənnisi Sezen Aksunun “Sarı gəlin” xalq mahnısını erməni dilində oxumasıdır.
“Biz də Müəllif Hüquqları Agentliyi olaraq bəyanat və Dünya Əqli Mülkiyyət təşkilatına məsələ ilə bağlı məlumat veririk. Ortaya çıxan faktların aradan qalxmasına təsir edə bilməsək də, etirazımız qarşı tərəfə çatdırıldı. Narazılıq doğuracaq yeni ciddi bir fakt hələ ki, aşkarlanmayıb. Amma bu o demək deyil ki, ermənilər bu işdən əl çəkiblər, bu o demək deyil ki, bu gün-sabah bu hal yaşanmayacaq. Elə hal olanda biz onu ictimailəşdiririk, beynəlxalq tərəflərə çatdırırıq. Özü də təkcə müəllifliyi bildirəcək sözlərlə yox, konkret faktlarla, mütəxəssis rəyləri ilə beynəlxalq təşkilatlara bu barədə məlumat veririk”.
Yeri gəlmişkən, Türkiyənin “Star TV” kanalında efirə gedən populyar mahnı yarışması “O Səs Türkiyə”nin dünənki buraxılışında Azərbaycanın xalq mahnısı “Sarı gəlin” ifa olunub.
Rıdvan Çelenk adlı iştirakçı “Sarı gəlin”i müxtəlif səs tonlarında əsrarəngiz ifa edərkən mahnı “Sözü və musiqisi anonim” kimi təqdim olunması isə Azərbaycanda birmənalı qarşılanmayıb.
“Sarı gəlin”i oxuyan R.Çelenki münsiflər heyəti bəyənib və onu öz komandasına qatmaq istəyən münsiflər arasında böyük rəqabət yaşanıb.