Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev yaxın qohumu Bəxtiyar Hacıyevin onun namizədliyinin ləğv olunması ilə bağlı verdiyi açıqlamaya öz münasibətini bildirib. Belə ki, ötən axşam İctimai Televiziyada prezidentliyə namizədlərin iştirakı ilə keçirilmiş debatda baş verən qalmaqaldan sonra Hafiz Hacıyevin namizədliyini geri götürməsi yönündə kampaniya başlanıb. Bəxtiyar Hacıyevin də bu kampaniyasına dəstək verməsinin ardınca qarşı tərəf Bəxtiyar Hacıyevə qarşı ittihamlar irəli sürüb.
“Bəxtiyar Hacıyev ruhi xəstədir. Müalicəyə ehtiyacı var. Çalışırıq ki, onu Türkiyədə, ya da Almaniyada müalicə etdirək. Mənim namizədliyimi heç kim ləğv edə bilməz. Buna ixtiyarları da yoxdur. Orda nə oldu ki? Adi bir debat idi. Belə şeylər dünyanın hər yerində baş verir. Cəmil Həsənli yenə danışsa, onlar barədə daha kəskin faktları açıqlayacağam. Əlimdə hələ çox sübutlarım var”-deyə Hafiz Haciyev bildirib.
Bəxtiyar Hacıyev Hafiz Hacıyevin bu sözlərinə cavab olaraq Modern.az-a bildirib ki, o, qeyri-ciddi insanların dediklərinə reaksiya vermək istəmir.
“Adımın onunla bir xəbərdə çəkilməsini istəmirəm. Ona görə də bu barədə heç nə demirəm”.