Sentyabrın 21-i axşam saatlarından başlayaraq, Azərbaycan ərazisində hava şəraiti dəyişəcək, temperatur bir neçə dərəcə düşəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə bildiriblər ki, sabah axşamdan rayonlarda qeyri-sabit və yağışlı hava səraiti proqnozlaşdırılır. Əksər rayonlarda şimşəklə müşayiət olunan yağışlar proqnozlaşdırılır.
Sabah gün ərzində Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, gün ərzində yağmursuz olacaq, mülayim şimal küləyi əsəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 18-21, gündüz 25-30 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında hava sentyabrın 21-də əsasən yağmursuz olacaq, lakin gecə və axşam saatlarında dağlıq və dağətəyi rayonlarda şimşək çaxacaq, qısamüddətli yağış yağacaq, şərq küləyi əsəcək. Aran rayonlarında havanın temperaturu gecə 16-21, gündüz 27-32, dağlarda gecə 9-14, gündüz 19-24 dərəcə isti olacaq.