“Bu ilin avqust ayında azyaşlıların cinsi istismara məruz qalması ilə bağlı bizim təşkilata 18 müraciət daxil olub”.
Bunu virtualaz.org saytına açıqlamasında Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova deyib. O bildirib ki, uşaqlar daha çox ailə üzvlərinin və yaxınlarının zorakılığına məruz qalırlar.
“Bu ilin müvafiq dövründə daxil olan müraciətlər araşdırılıb. Bəlli olub ki, azyaşlılar daha çox ailə üzvləri, eləcə də qohumları tərəfində zorlanıb. Lakin əksər hallarda valideynlər faktla bağlı hüquq-mühafizə orqanlarına məlumat verməkdən imtina edirlər” – deyə hüquq müdafiəçisi bildirib.
O deyib ki, ictimaiyyətin münasibəti cinayətin cəzasız qalmasına səbəb olur: “Valideynlər faktın aşkarlanacağı halda qızlarına münasibətin dəyişəcəyini, onların ailə qurmasının mümkün olmayacağını, oğlanlara isə gələcəkdə kişi kimi münasibət göstərilməyəcəyini düşünürlər. Buna görə də ailələr baş vermiş faktların aşkara çıxmasında maraqlı deyil”.
M.Əzizova mərkəzdə psixologi yardım alan azyaşlıların atalığı, qardaşı və yaxın qohumları tərəfindən zorlandığını qeyd edir: “Təcrübə göstərir ki, uşaqlıqda zorakılığa məruz qalanlar sonradan insan alverinin qurbanına çevrilirlər. Buna görə də valideynlər hüquq-mühafizə orqanlarına məlumat verməkdən çəkinməməlidilər. Həmçinin bilməlidirlər ki, zorakılığın hər hansı bir formasına məruz qalmasından asılı olmayaraq azyaşlının psixoloji durumunu qiymətləndirmək üçün mütəxəssis yardımına ehtiyacları var”.
Qadın Krizis Mərkəzinin rəhbəri deyib ki, onların təşkilatı uşaqların cinsi istismar faktları ilə bağlı monitorinqlərə başlayıb.
“Cinsi istismar faktlarının artma səbəbləri araşdırılandan sonra tədbir görülməsi üçün əlaqədar orqanlara müraciət edəcəyik. Həmçinin mövcud qanunvericiliyə dəyişiklik və ya əlavələrlə bağlı təkliflər hazırlayaraq Milli Məclisə göndərəcəyik” – deyə hüquq müdafiəçisi söyləyib.
Virtualaz.org