“Məni Milli Şuradan azad etsələr, inanın ki, zərrə qədər də narahat olmaram”. Bunu Modern.az saytına açıqlamasında Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyev təmsil olunduğu Milli Şuradan çıxarılma ehtimallarına toxunarkən deyib.
Onun Milli Şuradan çıxarılmasını istəyən müxalifətçilərə cavab verən R.Quliyev məsələnin müzakirə olunmasını tələb edib.
“Konkret belə bir ideya irəli sürən, Milli Şuranın iclasını bu məsələyə görə toplamaq istəyən təşəbbüsçü yoxdur. Mən istərdim ki, belə bir təşəbbüsçü ortaya çıxsın, Milli Şurada mənimlə əlaqədar müzakirə açılsın. Sözsüz bu iclasa mənim qatılmağım şərtilə. Çünki o müzakirədə mən dediyim sözlərə görə məntiqlə cavab verməliyəm, orada oturan bəziləri də mənim suallarıma cavab verməlidirlər. Çünki kimlərsə hesab edir ki, mən guya, Milli Şuranın strategiyasının əleyhinə gedirəm, mən isə hesab edirəm ki, Milli Şuranın strategiyasını tamamilə başqa adamlar dağıtdı. Mən Cəmil müəllimin çox böyük faizlə uduzacağını bilirəm. Çünki Milli Şuranın bəzi üzvlərin ucbatından ölkədə normal seçki şəraitinin yaradılmasına nail ola bilməmişik. Buna baxmayaraq mən Cəmil Həsənlinin namizədliyini dəstəkləyirəm, ümid edirəm ki, bu dəstəyə görə toplayacağı səslər artacaq.
Milli Şuranın üzvləri nəhayət ki, öz daxillərində demokratiya yaratmağı bacarmalıdırlar. Məni bu müzakirədən sonra Milli Şuradan azad etsələr, narahat olmaram, əksinə…”.
R.Quliyev daha sonra Müsavat funksioneri Arif Hacılıya barəsində səsləndirdiyi fikirlərə görə cavab verib.
“Mənə cavab veriblər. Birincisi, özləri seçkiləri uduzduqlarını boyunlarına alırlar, ancaq seçkidən sonra istefa verməyi fərarilik hesab edirlər. Biz belə görsənir ki, heç vaxt bir-birimizi başa düşə bilməyəcəyik, tamamilə fərqli müstəvilərdə düşünürük. Azərbaycan xalqının həyatına axa biləcək demokratiya bulağının qarşısını hökümətlə birlikdə kəsən müxalifət əjdahalarının çəkilməsini və təzə-təmiz suyun axmasına şərait yaradılmasını xahiş edirəmr”-deyə R.Quliyev müxalifəti seçkidən sonra geri çəkilməyə çağırıb.