Yaxın günlərdə kitabın təqdimat mərasimi keçiriləcək
Həyat tərzi “Qırmızı Kitab”ın yeni nəşri yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən ANS PRESS-ə verilən məlumata gözə Azərbaycan Respublikasının bioloji müxtəlifliyini özündə əks etdirən “Qırmızı Kitab”ın yeni nəşri təqdimata hazırdır və yaxın günlərdə təqdimat mərasimi keçiriləcək.
Kitabın ərsəyə gəlməsində Ekologiya və Təbbi Sərvətlər Nazirliyi (ETSN) ilə yanaşı AMEA-nın Botanika, Zoologiya İnstitutunun, BDU, Gəncə Aqrar Universitetinin də rolunun olduğu bildirilir. Kitabın hazırlanmasında yerli mənbələrlə yanaşı, beynəlxalq təcrübədən də yayarlanılıb. “Qırmız kitab”-ın hazırlanmasında Ümumdünya Təbiəti Mühafizə Fondu (WWF), Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti (GİZ) təşkilatlarına, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fonduna, Almaniya İnkişaf Bankına (KFW) və Cənubi Qafqaz üçün Transsərhəd Birgə Katibliyinə (TJS), Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə, IUCN təşkilatının da bu istiqamətdəki fəaliyyətlərindən də istifadə olunub.
Azərbaycan Respublikası Prezidentinin 24 mart 2006-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Milli Strategiya və Fəaliyyət Planı”na əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Milli Elmlər Akademiyasına Azərbaycan Respublikasının “Qırmızı Kitabı”nın yeni nəşrinin təşkili tapşırılmışdır. 2006-cı ildən keçən müddət ərzində ETSN-nin “Qırmızı Kitab”ın Redaksiya Heyətinin və İşçi Qrupunun formalaşdırılması və təkmilləşdirilməsi ilə bağlı 5 Əmri olmuş, Redaksiya Heyəti və İşçi Qrup üzvlərinin dəfələrlə görüşləri və müzakirələri keçirilmişdir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qırmızı Kitabı haqqında Əsasnamə”yə uyğun olaraq “Qırmızı Kitab”ın hazırlanması və dövri nəşri ilə bağlı işlərin maliyyələşdirilməsi Dövlət büdcəsi hesabına həyata keçirilir.