İran prezidentinin Qərblə mülayimləşmə kursu ali dini liderlə razılaşdırılsa da, daxildə ciddi müxaliflərinin olması faktoru qabardıldı, bu həm də Qərbə mesajdır…
ABŞ prezidenti Barak Barak Obama və İran prezidenti Həsən Ruhani arasında telefon danışığı olub. 24 dəqiqə davam edən telefon danışığı zamanı prezidentlər iki ölkə arasında münasibətlər, İranın nüvə proqramı, eləcə də Yaxış Şərqdə siyasi vəziyyətlə bağlı müzakirə aparıblar. ABŞ prezidenti tərəfindən edilən telefon danışığı zamanı Ruhani Nyu-York aeroportunda olub.
Qeyd edək ki, bu hadisə İranda İslam inqilabı baş verdiyi 1979-cu ildən bu yana ilk hadisədir. Yalnız bu ilin iyununda İranda “islahatçı” Həsən Ruhaninin prezident seçilməsi ilə münasibətlərdə müəyyən yumşalma meylləri hiss olunmağa başlayıb. Bir sıra müşahidəçilərə görə, bu addım heç də Həsən Ruhaninin şəxsi təşəbbüsü nəticəsində olmayıb. Çünki İranın hazırkı qanunlarına əsasən dövlətin ən mühüm qərarlarını prezident deyil, ali dini lider qəbul edir.
Telefon danışığı ilə bağlı maraqlı məqam isə tərəfləri bir-biri ilə uyğun gəlməyən açıqlamalarıdır. Amerika mediasının məlumatına görə, Obama iranlı həmkarını anlaşmanın əldə edilməsi prosesində ciddi maneələrin ortaya çıxa biləcəyini və danışıqların uğurla yekunlaşmayacağı barədə xəbərdar edib. Eyni zamanda ABŞ prezidenti tərəflərin problemin kompleks həllini tapa biləcəyinə ümid etdiyini bildirib.
Ancaq deyerler.org saytının “PressTV”yə istinadən verdiyi xəbərə görə, telefon danışığı zamanı tərəflər əsasən İranın nüvə proqramı və eləcə də Nyu-Yorkda BMT Baş Assambleyasının 68-ci sessiyasının yekunları ətrafında müzakirələr aparıblar. İki ölkə başçısı Tehran və Vaşinqtonun İranın nüvə proqramı ilə bağlı problemi həll etməsi üçün siyasi iradə nümayiş etdirdiyini vurğulayıb. Tərəflər eyni zamanda bir sıra mövzular ətrafında, həmçinin, müxtəlif regional məsələlərlə bağlı əməkdaşlıq edilməsi istiqamətində fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, BMT-nin 68-ci sessiyasının gedişi zamanı Obamanın Ruhaniyə görüş təklif etdiyi, ancaq İran prezidentinin bundan “vaxt azlığı” səbəbilə imtina etdiyi bildirilirdi. Ancaq buna baxmayaraq iki ölkənin xarici işlər nazirləri – Məhəmməd Cavad Zərif və Con Kerrini arasında görüş baş tutub.
Ötən gün isə məlum olub ki, ölkəsinə dönən İran prezidentinə hava limanında yumurta və ayaqqabı atıblar. Bu barədə məlumatı “The New York Times”in əməkdaşı Twitter-də yavzıb. Hadisə Tehran hava limanında baş verib. Aeroporta gələrək Ruhaniyə etiraz edənlər İranın nüvə proqramı ilə bağlı Qərbə güzəştə qarşı çıxdıqlarını bildiriblər.
Tehranda bir qrup şəxsin Həsən Ruhaniyə hücumda ilk baxışdan qeyri-adi heç nə yoxdur. Məsələ ondadır ki, İranda mühafizəkar dairələr hələ xeyli güclüdürlər. Ali dini liderə yaxın olan mühafizəkar camiə prezident seçkilərində uduzsa da, parlamentdə hələ çoxluğu əlində saxlayır. Üstəlik, dövlət aparatı, xüsusən də orduda, İnqilab Keşikçilərinin komandir heyəti bütövlükdə mühafizəkarlardan ibarətdir. Bu baxımdan İran prezidentinə qarşı hər zamani güclü daxili müxalifət mövcuddur. İstənilən an parlamentdə və ölkə boyunca Ruhaniyə qarşı etirazlar ola bilər. Bu mənada Tehran aeroportunda baş verənlər bir mənada xəbərdarlıq hesab oluna bilər. Yəni İranda heç də hamı bu prosesdən razı deyil, İslam Respublikasında Qərbə, xüsusən də Amerikaya qarşı düşmənçilik çox güclüdür.
Ancaq Ruhaninin aeroportda yumurta atəşinə tutulmasının bir mesajı da Qərbədir. Yəni mülayimləşmə prosesi elə də asan deyil, İran ictimai rəyi güzəştlərə hazır deyil. Bu hücumlar həm də hazırkı İran hökumətini qorumaq məqsədi daşıyır müəyyən mənada. Ancaq bir şey aydındır ki, Ruhaninin yumşalma bəyanatları, Amerika prezidenti ilə görüşməsi ölkənin ali rəhbərliyi ilə razılaşdırılıb. Çünki əks halda onu daha ciddi təzyiqlər gözləyə bilərdi. Eyni zamanda İran ali məhkəməsinin sədri Sadiq Laricani də (onun qardaşı İran parlamentinin sədridir, qardaşlar mühafizəkar camiənin əsas fiqurlarındadır – K.) Ruhaninin Obama ilə danışıqlar üçün səlahiyyət aldığını bildirmişdi. İstənilən halda Ruhani kimi təcrübəli siyasətçinin razılaşdırılmadan inqilabi addımlar atacağı mümkün deyildi. Bütün bu proses İranın yeni xarici siyasət kursu götürdüyünü göstərir.
musavat.com
http://youtu.be/qfoF8VnM7YA