Qənirə Paşayeva I qrup əlillərin təhsil haqqından azad edilməsini təklif edib
Azərbaycan Millət vəkili Qənirə Paşayeva ali məktəblərdə ödənişli əsaslarla təhsil alan I qrup əlillərin təhsil haqqından azad edilməsini təklif edib. ANS PRESS-in məlumatına görə,
parlamentin payız sessiyasının bu gün keçirilən ilk plenar iclasındaçıxış edən millət vəkili tələbə adına qazanmış və ali məktəblərində ödənişli əsaslarla təhsil alan I qrup əlillərin təhsil haqqından azad edilməsini təklif edib.
O, dövlətin hər zaman əlillərə və sağlamlıq imkanları məhdud olanlara diqqət və qayğı göstərdiyini qeyd edən millət vəkili bu təklifin yaxşı addım ola biləcəyini deyib.
“Topladığı bal ilə ödənişli əsaslarla Mədəniyyət və İncəsənət Universitetinin Teatrşünaslıq fakültəsinə daxil olan gözdən I qrup əlil Anar Nəbiyev 1800 manat məbləğində olan vəsaiti ödəmək iqtidarında olmadığı üçün ali təhsildən kənarda qala bilərdi və biz onun təhsil haqqının ödənilməsinə dəstək etmək məqsədilə mən – millət vəkili olaraq, müəyyən qurumlara müraciət etdim ki, belə bir dəyərli gəncimiz ali təhsildən kənarda qalmasın. Amma o, bütün təhsil alacağı illər üçün hər il bu qədər vəsaiti ödəmək məcburiyyətindədir. Ailənin də buna heç bir imkanları yoxdur”.
Qeyd edək ki, Anar Nəbiyev hər iki gözünün görməməsinə baxmayaraq, idmanla məşğul olub, beynəlxalq səviyyəli şahmat yarışlarının qalibi olub.
Millət vəkili daha sonra bildirib ki, bu cür istedadlı, lakin sağlamlıq imkanları məhdud olan insanların ali təhsil müəssisələrində ödənişli təhsildən tamam azad edilməsinə böyük ehtiyac var. Bu ali təhsil müəssisələrinə üz tutan əlil gənclərimizin əsas poblemi olan ödəniş problemini həll etməklə yanaşı yüzlərlə əlil gəncimizin ali təhsilə meyilliyinin artmasına və demək, gələcəyinin təminatına, inkişaflarına, həyata daha çox sarılmalarına önəmli dərəcədə təsir edərdi.