Nazirin offşor şirkəti Norveç şirkəti ilə Xəzərdəki yatağa dair müqavilə bağladı
Nəqliyyat naziri Ziya Məmmədovun biznes imperiyasına daxil olan offşor neft şirkəti “Bahar Energy” neft şirkəti Xəzərdəki “Qum-Dəniz” yatağında seysmik kəşfiyyat işlərinə başlamaq üçün Norveç şirkəti ilə müqavilə bağlayıb.
Virtualaz.org “Bahar Energy” şirkətini Amerikadan olan ortağı “Grinfields petrolium”a istinadən xəbər verir ki, seysmik kəşfiyyat işləri oktyabrdan başlayacaq. Qeyd edək ki, “Bahar Energy” Xəzərdəki “Qum-Dəniz” və “Bahar” neft-qaz yataqlarının işlənməsi üzrə 2009-cu ildə ARDNŞ-lə müqavilə bağlayıb. Şirkət Birləşmiş Ərəb Əmirliklərində qeydiyyatdan keçib. Onun sahibi Z.Məmmədovun biznesini idarə edən, “Hafka” kimi tanınan iş adamı Hafiz Məmmədovdur.
Açıqlamaya görə, “Qum-Dəniz” yatağında seysmik kəşfiyyat işlərini Norveçin PGS şirkəti həyata keçirəcək. Seysmik kəşfiyyat işləri 200 kvadratkilometr ərazidə aparılacaq və beş ay davam edəcək. Bundan əlavə, “Bahar Energy” yataqda sınaq quyusu qazmağa hazırlaşır. Quyunun qazılmasına oktyabrdan başlanılacaq. Sınaq qazma işlərinin 2015-ci ilədək aparılması planlaşdırılır. Şirkət bu məqsədlə üçüncü qazma platforması sifariş verib.
ARDNŞ-lə bağlanmış müqaviləyə əsasən nəqliyyat nazirinin şirkəti və onun Amerikadan olan ortağı “Bahar” və “Qum-Dəniz” yataqlarına 1 milyard dollar investisiya yatırmalıdır. Hərçənd ki, “Grenfielsd Petrolium” şirkətinin əsl sahiblərinin də Azərbaycandan olan oliqarxlar olduğu ehtimalı var. Belə ki, bu şirkətin yeganə fəaliyyəti ancaq “Bahar Energy” ilə ortaqlıq və Xəzərdəki iki yataqda işdir. Bu şirkətin işlərinə başqa heç bir yerdə rast gəlinmir.
Hazırda “Qum-Dəniz” və “Bahar” yataqlarında hasilat mövcuddur. Virtualaz.org araşdırmışdı ki, “Bahar Energy” bu yataqlardan hasilatın pay bölgüsü sazişi əsasında Azərbaycan dövlətinə bir il ərzində cəmi 200 min dollar gəlir verib. Baxmayaraq ki, şirkətin amerikalı ortağı hasilatın durmadan artdığı haqda məlumat yaymışdı.