Rusiya prezidenti Vladimir Putin 30 sentyabr 2013-cü il tarixində imzaladığı 756 saylı “Rusiya Federasiyası vətəndaşlığına qəbul haqqında” fərman imzalayıb.
Publika.Az xəbər verir ki, fərmana görə, Rusiya vətəndaşlığına qəbul olunmaq istəyən 24 əcnəbiyə bu haqq tanınıb. Ən maraqlısı isə Rusiya prezidentinin fərmanında vətəndaşlıqdan imtina etmək istəyənlərlər bağlı heç nə göstərilməyib. Bu isə o deməkdir ki, Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığından çıxması haqqında Vladimir Putinə göndərdiyi müraciətə yenə baxılmayıb və kinodramaturq qonşu ölkənin vətəndaşlığında qalıb.
Rusiya qanunlarına görə, vətəndaşlığa qəbul və ondan çıxarılma ilə bağlı məsələlər barədə qərarı prezident qəbul edir. Bunun üçün Prezident yanında Vətəndaşlıq məsələləri üzrə Komissiya yaradılıb. Rusiya qanununa görə, vətəndaşlıqdan imtina edilməsi ilə bağlı ərizə müvafiq quruma baxılmaq üçün təqdim olunan gündən qəbul edilmiş sayılır. Ərizəyə baxılma müddəti iki aydır. Bu müddət ərzində ərizəyə baxılmalıdır.
Milli Şura sədri Rüstəm İbrahimbəyov isə Rusiya vətəndaşlığından çıxmaq üçün hələ iyul ayında rəsmi müraciət etdiyini bildirmişdi.
Putinin son fərmanında yalnız bir nəfər Azərbaycan vətəndaşına-1989-cu ildə Bakıda anadan olmuş 24 yaşlı Sergey Sorokinə Rusiya vətəndaşlığı verilib.
Bu fərmandan gəlinən nəticə belədir ki, Milli Şuranın sədri Rüstəm İbrahimbəyov Rusiya vətəndaşı olaraq qalır.