“Allen-Vanguard International” şirkəti Hərbi Dəniz Qüvvələrinə təlim keçmək üçün 2.8 milyon dollarlıq müqavilə bağlayıb
ABŞ-ın özəl təhlükəsizlik şirkəti “Allen-Vanguard International” Azərbaycan Hərbi Dəniz Qüvvələrinə Xəzərdə mümkün diversiyaların qarşısını almaq üçün təlim keçəcək. Virtualaz.org washingtontechnology.com saytına istinadla xəbər verir ki, şirkət bu məqsədlə Pentaqonla 2.8 milyon dollarlıq müqavilə bağlayıb.
Müqaviləyə əsasən şirkət Azərbaycan tərəfinə dənizdə sualtı partlayıcı sursatların və əldəqayırma partlayıcı qurğuların zərərsizləşdirilməsi üçün təlim keçəcək. Habelə Azərbaycan dəniz qüvvələrinə dalğıcların və təlimatçıların hazırlanması da müqavilədə nəzərdə tutulur. Şirkət müqavilə çərçivəsində partlayıcı maddələrin zərərsizləşdirilməsinə dair kurslar təşkil edəcək, sualtı diversiyaların qarşısının alınması üçün komanda, nəzarət və planlaşdırma işini öyrədəcək. Müqavilə ABŞ Hərbi Dəniz Qüvvələrinin vasitəsilə imzalanıb.
Bu, ABŞ-ın Xəzərdə təhlükəsizliyə dair Azərbaycanla son illərdə həyata keçirdiyi tərəfdaşlıq çərçivəsində həyata keçiriləcək proqramlardan biridir. Bundan əvvəl ABŞ Azərbaycan dəniz qüvvələrinə xüsusi təyinatlılar-“dəniz pişikləri” hazırlayıb. Xəzərdəki neft-qaz platformalarının təhlükəsizliyinin təmin edilməsində yardımlar edib.
virtualaz.org