1988-ci ildə Ermənistandan deportasiya olunan azərbaycanlı qaçqınlar Azərbaycan vətəndaşı kimi qeydiyyata alınıblar. Bu qəbildən olan yaşlı nəslin sənədlərinə doğulduqları yer olaraq Ermənistan qeyd edilsə də, yeni nəsilə verilən sənəddə onların əslən Qərbi Azərbaycandan olduğu göstərilmir. Əslində bununla Qərbi Azərbaycandan olan soydaşlarımız tarixi yurdlarından uzaqlaşdırılır. Onsuz da hazırda Ermənistanla danışıqlar prosesində Qərbi Azərbaycan məsələsi prioritet deyil. Daha düzgünü odur ki, Qərbi Azərbaycan tam olaraq unudulub. Yalnız Azərbaycan Prezidenti dəfələrlə indiki Ermənistanın tarixi Azərbaycan torpaqlarında yaradıldığı mesajını verirb. Nə yazıqlar ki, nə media, nə cəmiyyət, nə də hakimiyyət bu mesajdan irəli gələn hər hansı addım atmayıb.
Ermənişünas alim, tarix üzrə fəlsəfə doktoru Qafar Çaxmaqlı saytımıza bildirib ki, bu problem gələcəkdə də qarşımıza çıxacaq: “Çox təəssüf ki, biz o torpaqlara iddia edə bilməyəcəyik, bizim olduğunu hüquqi baxımdan isbatlaya bilməyəcəyik. Biz bir tarixi fürsəti əldən verdik. Qaçqınlarla bağlı siyasətdə çox böyük yanlışlıqlara yol verdik. İş çox səriştəsiz adamlara tapşırıldı. Onlar da bu işə qazanc yeri kimi baxdılar Oradan gələnlər Azərbaycan vətəndaşlığına alınmamalıydı. Və indi biz o torpaqlara heç cürə iddia edə bilməyəcəyək. Üstəlik ermənilər bu torpaqlardan türk izini silmək üçün hər şeyi edirlər. İndi adına Ermənistan deyilən, illər öncə isə bizim dədə-baba yurdumuz olan bu məsələ yalnız tarix kitablarında olacaq və əgər bu tarixi gerçəyi gələcəyə daşıyacağıqsa, o yalnız insanların yaddaşında və folklorunda yaşayacak. Ona görə də mən hesab edirəm ki, bu yerlərlə bağlı hər şey indidən kitablaşdırılmalıdır. Həm tarixi, həm etnoqrafiq, həm memari, həm şifahi xalq yaradıcılığı kitablaşdırılmalıdır. Bu işi görən vətənpərvər insanlarımız, alimlərimiz var və əllərindən gəldiyi qədər bunu edirlər. Amma bu dövlət səviyyəsində akademik çalışmalarla aparılmalıdır”.
Q. Çaxmaqlı qeyd edib ki, 1988-ci ildə Ermənistandan deportasiya edilənlərlə bağlı məlumat Qaçqınlar Cəmiyyətinin arxivində var. Onu sistemə salmaq, çap eləmək lazımdır. Necə ki, gec deyil, hələ həyatda olan adamların dilindən müasir texnolojinin imkan verdiyi bütün üsullardan istifadə edib bir yaddaş muzeyi qurmaq olar. Abidələr düşünmək olar. Hələ də bizim Soyqırım muzeyimiz yoxdu. Ermənilər soyqırımı olmaya- olmaya bu məsələni özlərinin dövlət atributu halına gətiriblər. Mən demərəm ki, biz də onların yolu ilə gedək. Biz bu itkinin yerini doldurmaq üçün nə lazımdırsa etməliyik. Əks təqdirdə gələcək nəsillər bizi qınayacaq. Necə ki, biz bu gün İrəvanı , Zəngəzuru, Göyçəni verdiklərinə görə onları qınayırıq”.