AXCP sədri Əli Kərimli bunu müavinindən gözləmirmiş
AXCP sədrinin müavini Asəf Quliyev təmsil olunduğu partiyadan və Milli Şuradan istefa verib. O, istefa qərarının müxalifətin uğursuzluğu ilə əlaqələndirib. “Belə lazım idi. Milli Şuranın yaranması cəmiyyətdə rəğbət doğurdu. Düşünürəm ki, 20 ildən artıq seçki məğlubiyyəti və uğursuzluğunu cəmiyyət bizə bağışlamayacaq. Mübarizənin səmimiliyinə inanıb, hər zaman doğrunun yanında oldum… Sübhəsiz ki, yenə də bu yolda olacam. Yuxarıda deyilənləri nəzərə alıb, Milli Şuradan və AXCP-dən istefa verdim”-deyə, A.Quliyev bildirib.
A.Quliyevlə əlaqə saxlayıb istefasının səbəblərini soruşduq. Ancaq israrlı suallarımıza baxmayaraq, o, “yazdıqlarımdan əlavə heç bir açıqlama verməyəcəyəm” deyə, təkrar-təkrar bildirdi. A.Quliyev partiya rəhbərliyini bu barədə məlumatlandırıb-məlumatlandırmadığı, siyasətdən birdəfəlik gedib-getmədiyi, hər hansı təzyiqlərə məruz qalıb-qalmadığı barədə sualları da cavablandırmadı.
A.Quliyevin istefasına AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı münasibət bildirdi və partiyanın mövqeyini ifadə etdi: “Asəf bəyin partiyadan gedişi təbii ki, bizdə təəssüf doğurur. Çünki Asəf bəy siyasi proseslərdə özünü kifayət qədər sınaqdan çıxartmış, təcrübəli və əqidəli cəbhədaşımızdır. Ancaq eyni zamanda biz inanmırıq ki, bu gediş onun mövqeyinin, baxışlarının dəyişməsinə səbəb ola bilər. O, sadəcə olaraq partiyadan ayrılıb. Biz inanırıq ki, Asəf bəy bundan sonra da öz baxışlarına, əqidəsinə sadiq olaraq öz mübarizəsini davam etdirəcək. Mən Asəf bəyə bundan sonrakı fəaliyyətində uğurlar arzulayıram”.
****
AXCP-dən və Milli Şuradan istefa vermiş Asəf Quliyev oktyabrın 4-də partiyanın lideri Əli Kərimli ilə görüşüb. “Media forum” saytına açıqlamasında Asəf Quliyev görüş barədə bunları deyib: “İstefamın səbəblərini bildirdim. Addımımı izah elədim, fikirlərimi çatdırdım. Əli bəy çox təəssüfləndiyini vurğuladı, istefamı düzgün hesab etmədiyini dedi. Səmimi söhbət edib ayrıldıq. Münasibətlərimiz həmişə yaxşı olub, bir-birimizə hörmətlə yanaşmışıq. Hesab edirəm ki, hər zaman da belə olacaq”.
“Əli Kərimliyə istefanızın səbəblərini açıqladığınızı deyirsiniz, konkretləşdirmək olarmı” sualını Asəf Quliyev belə cavablandırıb: “Hər halda istefamın səbəbləri var. Geniş açıqlamaq istəmirəm. Siyasi qərarımı vermişəm və məsələ bitib”.
****
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, müavini Asəf Quliyevin istefasını “böyük təəssüf hissi” ilə qarşılayıb.
Əli Kərimli BBC-Azərbaycana bildirib ki, müavinindən belə addım gözləmirmiş.
Əli Kərimli “hələ də ümid edir ki”, bu addım Asəf Quliyevin son qərarı olmaya bilər.
“Təbii ki, mən onun yanaşmasını bölüşmürəm və deyilənləri əsaslı hesab etmirəm. Hətta elə səhvlər olsaydı da, buna görə partiyadan və Milli Şuradan istefa verməyi doğru bilmirəm”, o, Asəf Quliyevin Milli Şuranın işində olan səhvlər barədə dediklərini şərh edərkən bildirib.
O, növbəti istefalar gözləməsə də, istisna da etmədiyini deyib.