Bəzən möcüzələr bizə qaranlıq, ənənələr dəhşətli gələ bilir. Bizim üçün onlar qəribə və dəhşətli olsalar da , bəzilə üçün həyat tərzi, mədəniyyətdir.
Milyardla hindusun hər biri Varanasidə ölmək və ya bədənlərini orada yandırtmaq istəyir. Bu şəhərdəki açıq hava kremasiyası ilin 365 günü, günün 24 saatı dayanmadan yanır. Hindistanın hər tərəfindən olan yüzlərlə cəsəd hər gün bura gətirilir və yandırılır. Burada insan həyatının ziddiyyətləri daha çox gözə çarpır: ölüm və həyat, ümid və əzab, gənclik və qocalıq, sevinc və kədər, zənginlik və kasıblıq. Bu şəhərdə ölümlə həyat birlikdə yaşayır. İnduizm dinində Varanasi Kainatın mərkəzi hesab edilir. İnduslar üçün ən müqəddəs şəhərlərdən biridir bu. Burada Allahlar yerə enirlər. Bu müqəddəs yerdir. Həm yaşamaq, həm ölmək üçün. Əfsanəyə görə, şəhərin əsasını allah Şiva qoyub. Bu induslar üçün yeddi müqəddəs yerdən biridir. Lakin bu şəhər həm də turistləri dəhşətə gətirir. Eradan min əvvəl əsası qoyulmuş Varanasi dünyanın ən qədim yerlərindən biridir. Varanasi min illər ərzində fəlsəfənin, dinin, tibbin və təhsilin mərkəzi olub. Bir çox məşhur hind filosofları, şairləri, yazıçıları və musiqiçiləri Varanasidə yaşayıblar. Varanasi Dehli və Kəlküttə arasında, Qanq çayının qərb sahilində yerləşir. Şəhərin ən böyük kremasiyalardan biri Manikarnikadır. Burada gün ərzində 200 cəsəd yandırılır. Qanq sahili Varanasidə ən sıx olan yerlərdən biridir. Lakin turistlər buralara gəlməməyə çalışırlar. Bura o qədər çirkli və dəhşətlidir ki.
Budur, Qanqda meyid üzür, hansısa kişi eyni su ilə paltar yuyur, digəri dişlərini təmizləyir. Hamı gülərüzlə bu suda çimir. İnduslar deyirlər: “Qanq bizim anamızdır. Siz turistlər bunu anlamazsız. Biz bu suda çiməndə gülürsüz. Bizim üçün o müqəddəsdir”. Həqiqətən də o sudan içirlər və xəstələnmirlər. Bir dəfə Discovery kanalı Varanasi barədə film çəkərkən sudan bir damcı götürərək analiz etdirmişdi. Nəticə dəhşətli idi. Bu bir damcı su bir atı öldürməsə də ömürlük şikəst edə bilər. Bu bir damcıdakı təhlükə bütün potensial infeksiya təhlükələrindən çoxdur. Burada əhali meyidlərin fotolarını çəkən turistlərin hesabına dolanır. Bu şəhərdə insanlar bütün ömürləri boyu yandırılmaq üçün pul yığırlar.
Qanqın dəhşətli olmasının səbəbi odur ki, adətən heç də hamını yandırmırlar. Ömrünü meditasiyaya həsr etmiş dindarlar, 13 yaşına qədər olan uşaqlar və hamilə qadınlar yandırılmırlar. Onların ayaqlarına daş bağlayıb, suda batırırlar.
Həmçinin kobra dişləmiş insanları da yandırmırlar. Hesab edilir ki, ilan vurandan sonra insan ölmür, komaya düşür. Belə insanları ağ parçaya büküb, banan ağacından düzəldilmiş qayığa qoyur, yanında ev ünvanını yazıb qoyurlar. Sonra çaya buraxırlar. Bəzən dindarlar bu cür cəsədləri həyata qaytarmağa çalışırlar. Varanasidə ölən adamı ölümündən 5-7 saat sonra yandırırlar. Tələskənliyin səbəbi istilərdir. Bəzən odun almağa pul olmayanda yarı yanmış cəsədləri çaya tullayırlar. Çayda üzən meyidlər isə heç kimi təəccübləndirib, narahat etmir. Statistikaya görə, bu gün Qanq çayının dibində 45 000 cəsəd var. Amma möcüzə də var. Meyidlərlə dolu, çirkli, mikroblu çayda hər gün minlərlə insan çimir. Lakin onlar xəstələnmirlər. Heç bir infeksiyaya yoluxmurlar.
Nə vaxtsa Hindistana səyahət etsəniz, bu şəhərə mütləq gedin. Amma hər addımbaşı meyid görməyə özünüzü alışdıraraq gedin.