Seçkilərə iki gün qalmış Azərbaycan və Rusiya prezidentləri bir daha canlı danışdı.
Bu gün Azərbaycan prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinə zəng edib. Virtualaz.org Azərbaycan prezidentinin rəsmi internet saytına istinadən xəbər verir ki, İlham Əliyev Rusiya prezidentini ad günü münasibətilə təbrik edib.
Bundan əvvəl Azərbaycan prezidentinin mətbuat xidməti İlham Əliyevin V.Putinə göndərdiyi yazılı təbrik mesajının mətnini yaymışdı. Lakin Azərbaycan dövlət başçısı yazılı təbriklə kifayətlənməyib və rusiyalı həmkarına zəng edib.
Putin onun telefon zənginə İndoneziyanın kurort zonası olan Bali adasından cavab verib. Belə ki, Rusiya prezidenti Bali adasında keçirilən Asiya Sakit Okean Hövzəsi Ölkələrinin (ATEC) sammitində iştirak edir.
Prezidentin rəsmi saytının yaydığı məlumata görə, dövlət başçısı Vladimir Putini ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulayıb. Rusiya Federasiyasının prezidenti göstərilən diqqətə və təbrikə görə prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib, yüksək səviyyədə qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunularaq Rusiya Federasiyası prezidentinin bu yaxınlarda Azərbaycana səfərinin əlaqələrimizin daha da möhkəmlənməsi baxımından önəmi vurğulanıb.
Dövlət başçıları münasibətlərimizin bundan sonra da inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə jurnalistlərə bildirib ki, Putin ad gününü qeyd etmir. Çünki çox məşğuldur və ATEC sammiti çərçivəsində onun gərgin iş qrafiki var.
”Prezidentin qrafiki elədir ki, biz çətin ki, nəsə qeyd edək. Gecə gəldik, təyyarə enən kimi o, tədbirlərə getdi və hələ də bir yerdə dayanmayıb. Sonra ikitərəfli görüşlər başlayacaq” – deyə mətbuat katibi bildirib.
Peskov əlavə edib ki, gərgin qrafik üzündən Putinin “uzun-uzadı təbrik zənglərini də” qəbul etməyə vaxtı yoxdur. Mətbuat katibi xatırladıb ki, bu gün Putini MDB-dən Azərbaycan, Ermənistan, Qırğızstan, Moldova, bir də Abxaziya prezidentləri təbrik ediblər.
Göründüyü kimi, gərgin qrafikə baxmayaraq Rusiya prezidenti azərbaycanlı həmkarının telefon zəngini qəbul etməyə vaxt tapıb. Bu da Rusiya ilə Azərbaycan arasında son vaxtlar yaxşılaşan münasibətlərdən xəbər verir. Müqayisə üçün qeyd edək ki, Ermənistan prezidenti rusiyalı həmkarına təbrikini ancaq yazılı, teleqramla çatdırıb. Putinin 61 yaşının tamam olması və Azərbaycan prezidentinin ona təbrik zəngi həm də prezident seçkilərinə 2 gün qalmışa təsadüf edib.
virtualaz.org