Cəmil Həsənlinin Seçki Qərargahı seçki qanunsuzluqları ilə bağlı yenə onlarla fakt açıqladı
Milli Şuranın prezidnetliyə namizədi Cəmil Həsənlinin Seçki Qərargahı seçki qanunsuzluqları ilə bağlı növbəti press-relizi yayıb:
“120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin 13 saylı seçki məntəqəsindən müşahidəçi Seymur Kərimovun verdiyi məlumata görə, bu məntəqədə Gədəbəy, Füzuli, Şamaxı və Kəlbəcər rayonunda qeydiyyatda olan seçicilərin seçkidə iştirakı üçün seçki bülleteni verilir.
8 saylı Binəqədi birinci seçki dairəsindən dairə üzrə məşvərətçi səs hüquqlu komissiya üzvü Tacik Hacılının verdiyi məlumata görə, bu dairənin 1, 2, 3 saylı məntəqəsinin qarşısında icra hakimiyyəti nümayəndələri seçicilərə hamının gözü qarşısında pul paylayır.
118 saylı Ağdam şəhər seçki dairəsinin 46 saylı seçki məntəqəsindən Nurlan adlı seçicinin verdiyi məlumata görə, Müşviqabad qəsəbəsində yerləşən bu seçki məntəqəsində seçki qutusu saat 0725-də seçki bülletenləri ilə doldurulub.
57 saylı Kürdəmir seçki dairəsinin 2 saylı məntəqəsindən səlahiyyətli nümayəndə Lətafət Məlikovanın verdiyi məlumata görə, seçki məntəqəsində seçki qutularına topa şəklində seçki bülletenləri atılır.
75 saylı Lənkəran-Masallı seçki dairəsinin 79 saylı məntəqəsindən məşvərətçi səs hüquqlu komissiya üzvü İbrahim Məmmədovun verdiyi məlumata görə, seçki komissiyasının işinə buraxılmır, ona təzyiq göstərilərək, müşahidəçilərin yanında əyləşməyə icazə verilib.
54 saylı Şabran-Siyəzən seçki dairəsinin 17 saylı seçki məntəqəsindən məşvərətçi səs hüquqlu müşahidəçi Ramiz Hacıyevin verdiyi məlumata görə, seçki bülletenləri məntəqə seçki komissiyası üzvləri tərəfindən sayılmayıb. Müşahidəçilərin bu barədə təklifinə məhəl qoyulmayıb.
10 saylı Binəqədi üçüncü seçki dairəsinin 32 saylı məntəqəsindən səlahiyyətli nümayəndə Akif Babayevin verdiyi məlumata görə, seçki komissiyasının sədri onlara korbonlaşmış seçki protokollarının verilmədiyini bildirib. Bu dairənin əksər məntəqələrində məşvərətçi səs hüquqlu komissiya üzvlərinə seçki komissiyasının işində iştirak etməyə imkan verilməyib və onlar müşahidəçilərlə birlikdə kənarda əyləşməyə məcbur ediliblər.
20 saylı Nərimanov ikinci seçki dairəsindən səlahiyyətli nümayəndə Qabil Qafarovun verdiyi məlumata görə, bu dairənin bütün seçki məntəqələrində məşvərətçi səs hüquqlu komissiya üzvlərinə seçki komissiyasının işində iştirak etməyə imkan verilməyib və onlar müşahidəçilərlə birlikdə kənarda əyləşməyə məcbur ediliblər. Bu barədə DSK sədri Eldar Sadıqova şikayət edilib. DSK sədri məşvərətçi səs hüquqlu komissiya üzvlərinin yalnız müşahidə səlahiyyəti olduğunu bildirib”.