“İlham Əliyevn xalqın haqqını mənimsəmək funksiyasını yerinə yetirib”
Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin Seçki Qərargahı bu gün seçkidən sonra ilk mətbuat konfransı keçirərək seçkilərin nəticələri barədə hesabatını və rəyini açıqlayıb.
Prezidentliyə namizəd Cəmil Həsənli çıxışında bildirib ki, oktyabrın 9-da Azərbaycanda mənimsənilməsi prosesi baş verib: “Azərbaycanda hakimiyyəti formalaşdırmaq haqqı Konstitusiya ilə Azərbaycan xalqına məxsus olsa da, bu hüququndan istifadə edə bilmədi, bundan məhrum edildi. Xalq hakimiyyəti formalaşdırmaq haqqından uzaqlaşdırıldı. Hakimiyyətin formalaşdırılması haqqı xalqın əlindən bir qrup, bir partiya, bir şəxs tərəfindən alındı. Seçki saxtakarlığı çox açıq formada oldu. Bur gün əvvəldən Mərkəzi Seçki Komissiyası tərəfindən seçkinin nəticələri elan edilmişdi və yerlərə, seçki məntəqələrinə göndərilmişdi”.
Çoxsaylı qanun pozuntuları barədə faktlar açıqlayan C.Həsənli qeyd edib ki, bu seçkinin nəticələri Azərbaycan xalqının iradəsini ifadə edə bilməz: “İlham Əliyev oktyabrın 9-da Azərbaycan xalqının iradəsinə zidd olaraq haqqını mənimsəmək funksiyasını yerinə yetirib. Bu seçkilər heç bir halda tanına bilməz. Azərbaycan xalqının adından beynəlxalq aləmə elan edilə bilməz”.
Milli Şuranın namizədi bildirib ki, seçkinin nəticələri azad, ədalətli, demokratik deyil və ləğv edilməlidir: “İlham Əliyev Azərbaycan xalqını təmsil edə bilməz”.