Ermənistanın Gömrük İttifaqına qoşulması yeni situasiya yaradıb; amerikalı politoloq: “Moskva İrəvana böyük bir mükafat vəd edib, ya da…”
Ermənistanın Gömrük İttifaqına qoşulması qonşu ölkədə ən müxtəlif səviyyələrdə müzakirə mövzusu olaraq qalır. Diqqətçəkəndir ki, rəsmi İrəvan bunu Ermənistanın təhlükəsizlik maraqları və bölgədəki mövcud reallıqlarla izahlamağa davam eləsə də müstəqil ekspertlər, müxalifət camiyəsi daha çox yanlış addım və Rusiya qarşısında qorxaqlıq kimi dəyərləndirməkdədirlər.
İkincilər daha çox da bu versiyaya üstünlük verirlər ki, Kreml məsələdə İrəvana əməllicə təzyiqlər və hədələr edib. Bu qənaət əcnəbi ekspertlər səviyyəsində də etiraf edilir. Rusiyanın Gömrük İttifaqına üzvlük üçün postsovet ölkələrinə güclü təzyiqlər etməsi həmçinin Avropa Birliyi, Avroparlament kimi çox nüfuzlu təşkilatlar səviyyəsində təsbit edilərək tənqidə məruz qoyulub, Rusiyanın “Yaxın Xaric” ölkələrinə qarşı şantaj siyasətini pisləyən qətnamələr qəbul edilib.
Bu xüsusda daha orijinal yanaşmalar da yox deyil. Məsələn, erməni saytlardan birinin məlumatına görə, Kolumbiya Universitetinin hüquq və dinc quruculuq proqramlarının direktoru, BMT-nin keçmiş baş məsləhətçisi, ABŞ Dövlət Departamentinin xarici işlər üzrə sabiq müşaviri və eksperti Devid Filips “Georgia Today”ə müsahibəsində Serj Sərkisyanı Avropaya inteqrasiyadan çəkindirmək üçün onun Rusiya tərəfindən ciddi şəkildə hədələndiyini bildirib: “Ya da Moskva İrəvana qarşılığında böyük bir mükafat vəd edib – misal üçün, Dağlıq Qarabağı tanıyacağı ilə bağlı. Məncə, qorxutmaq variantı daha ağlabatandır, nəinki ikinci variant – mükafat vədi”.
Qeyd edək ki, tanınma məsələsi son vaxtlar erməni mətbuatında tez-tez qabarmağa başlayıb. Amma bir qədər fərqli rakursda. Belə ki, ötən həftə erməni KİV-lərindən biri Kremlin Gömrük İttifaqı ilə bağlı Ermənistana təzyiqlərinə toxunaraq yazmışdı ki, guya Ermənistan Avropa Birliyinə assosiativ üzv olarsa, Rusiya dərhal “DQR”i tanıyacaqmış və Ermənistanın acığına onunla Gömrük İttifaqı çərçivəsində ayrıca əlaqələr quracaq, Dağlıq Qarabağda öz hərbi bazasını yerləşdirəcəkmiş, kəsəsi, separatçı bölgəni Ermənistandan izolə edəcəkmiş.
Sual da burdan doğur ki, separatçı qurumun müstəqilliyini tanıtmağı öz qarşısına məqsəd qoyan Ermənistan rəhbərliyi nə əcəb bu fürsətdən yararlanmaq istəməyib? Axı rəsmi İrəvan dəfələrlə bəyan edib ki, qondarma qurumu hər hansı başqa dövlətin tanıması kifayətdir ki, o da bu addıma getsin.
Suala az aşağıda aydınlıq gətiriləcək. Hələliksə bunu qeyd edək ki, həmin sayt öz versiyasını inandırıcı eləmək üçün ardınca yazmışdı ki, Moskva Moldovanı da Avropa Birliyinə assosiativ üzvlükdən çəkindirmək üçün eyni üsuldan yararlanır. Söhbət separatçı Dnestryanı bölgənin “müstəqilliyini” tanımaq hədəsindən gedir. Ən maraqlısı da əslində budur: Kreml sabiq sovet respublikalarını ram eləməkdə gerçəkdənmi bu üsuldan yararlanmaq kursu götürüb?
Zaman etibarilə bir şey qalmayıb, gözləyək görək Moskva Moldovanı cəzalandırmaq üçün hansı addıma gedəcək? Ancaq amerikalı politoloqun da qeyd elədiyi kimi, nə Moldovaya, nə də Ermənistana münasibətdə Moskvanın belə addım atacağı inandırıcı görünmür. Doğrudur, hər iki münaqişə müstəsna olaraq Rusiya tərəfindən yaradılıb və idarə edilir. Lakin Kremlin əsas hədəfi heç də separatçı rejimləri müstəqil dövlətlər kimi tanımaq deyil. Bunun üçün Gürcüstandakı kimi yeni, xüsusi fors-major vəziyyəti də yaranmayıb.
Konkret Dağlıq Qarabağa gəlincə, hələ heç Azərbaycan rəsmi qaydada Gömrük və Avrasiya ittifaqlarına münasibətini qətiləşdirməyib. Belədirsə, Moskvanın birdən-birə Azərbaycanla (paralel olaraq həm də qardaş Türkiyə ilə!) bütün körpüləri yandıracaq bir addıma gedəcəyi fikri yüngül tənqidə belə dözmür. Üstəlik, o Azərbaycan ki, şimal qonşumuz üçün Ermənistandan fərqli olaraq böyük iqtisadi-energetik önəm kəsb edir.
Burdaca təkrar vurğulayaq ki, Qarabağ məsələsi Rusiya üçün yalnız Ermənistanla Azərbaycanı öz yanında saxlamaq hədəfinə xidmət edir, başqa heç nəyə. Nə Rusiya, nə də Qərb bölgədə beynəlxalq hüququn subyekti olacaq ikinci erməni dövlətinin yaranmasına “xeyir-dua” verməyəcək. Versəydi ötən 20 ildə verərdi.
Bunun bir səbəbi də odur ki, müstəqilliyi tanınan kimi saxta qurum dərhal Ermənistanla birləşəcək və Rusiyanın ondan siyasi-hərbi maraqlar üçün əlahiddə faydalanmaq şansları dərhal sıfırlanacaq.
Nəhayət, daha bir kontur-arqument: Abxaziya və Cənubi Osetiyanı tanımaqla Moskva əminlik hasil elədi ki, nə region dövlətləri ilə, nə də Qərblə problemlərin həll yolu bu deyil, əksinə, problemləri, münasibətləri daha da qəlizə salmaqdır. Hələ onu demirik ki, hər münaqişənin öz özəllikləri var.
Yada salaq ki, Avropa Birliyinin “Şərq tərəfdaşlığı”na həsr olunmuş sammiti gələn ayın 26-da Vilnüsdə keçiriləcək. Odur ki, ermənilərin “şansı” hələ qalır. Hələ gec deyil. Sərkisyan Gömrük İttifaqından imtina edib əvəzində qondarma rejimin tanınmasını “qazana” bilər. İmtina edə bilərmi, qazana bilərmi? Suallar öz-özlüyündə o dərəcədə ritorikdir ki, bircə “Ac toyuq yuxusunda darı görər” yazmaq qalır…
musavat.com