11 il əvvəl başına gələn hadisənin şokunu Ceyms Landrit hələ də unuda bilmir. Onda onun 19 yaşı var idi, həddindən artıq içki qəbul elədiyi gecənin səhəri ona tanış olmayan bir yataqda oyandı. Tədricən yaddaşını qurdalayıb birlikdə yatağa girdiyi qadının dostunun dostu olduğunu xatırladı. Həmin gecə onların ümumi dostu barı tərk edəndən sonra, qadın onu evə ötürməyi xahiş elədi. Yadında idi ki, xanım hamilə idi və ona minnətdarlığını bildirmək üçün içkiyə qonaq da elədi.
Qadın içkinin təsirindən başı fırlanan oğlana motellərin birində yatıb özünə gəlməyi təklif etdi. Ceymsin yadına gəlir ki, o yatağa şalvarla uzandı, çünki yad qadının qarşısında paltarını soyunmaqdan utanırdı. Bir də yadına gəlir ki, bir qədər sonra qadın artıq onun üzərində idi, amma heç cür “hə” dediyini xatırlaya bilmir…
Elə ordaca qadın dedi ki, əgər ondan şikayət etsə, onda doğulmamış körpəsini incidə bilər. Sonra yenə də oğlanın iradəsinə zidd olaraq bir yerdə oldular və bu qısa tanışlıq Ceyms üçün illərin əzabına çevrildi.
Landriti zorlamışdılar…
Bu, 1990-cı ildə baş verdi. O vaxtdan Landrit qadınlar tərəfindən cinsi təcavüzə məruz qalan kişilərin sözünü deməyə başladı. Landrit onu zorakılığa məruz qoyan qadının adını heç vaxt açıqlamır, amma digər kişilərə bu barədə açıq danışmağı və zorlama hadisəsini məhkəməyə gətirməkdən utanmamağa çağırır.
CNN xəbər verir ki, 2010-cu ilin hesabatına görə, ABŞ-da təqribən hər 5 qadından biri cinsi təcavüzə məruz qalır. Maraqlıdır ki, hesabatda kişilərə aid statistika da var. Hər 71 kişidən biri təcavüzə məruz qalıb. Ekspertlər bildirirlər ki, əslində real rəqəm dəfələrlə çoxdu. Əksər hallarda kişilər zorlandıqlarını ya gizlədirlər, ya da heç özlərinə belə etiraf etmirlər.
Kişilərin qadınlar tərəfindən zorakılığa məruz qalması barədə müzakirələr son günlərdə məşhur müğənni Rihannanın sevgilisi, aktyor Kris Braunun ilk cinsi təcrübəsi barədə “Guardian” qəzetinə danışmasından sonra daha da qızışıb. Kris müsahibədə ilk dəfə 8 yaşı olarkən 14-15 yaşlı qızla yatdığını demişdi. İndi bəziləri belə bir sual qoyur: “Niyə heç kim Kris Braunun 8 yaşındaykən zorlandığından danışmır?!” ABŞ mediasında artıq ”Missis Robinson” adlı haldan da danışılır. Missis Robinson “Amerikan piroqu” adlı filmdən götürülmüş bir personajdı, qadın oğlunun dostunu onunla yatmaq üçün dilə tutmuşdu.
Rihannanın sevgilisinin ilk cinsi təcrübəsi barədə qızışan müzakirələr “JAMA Pediatric” jurnalında bu günlərdə dərc edilən bir hesabatla üst-üstə düşdü. Hesabatda yazılır ki, 14-21 yaş arasında olan hər 10 gəncdən biri seksual zorakılığa məruz qalıb.
Amma kişilərin fiziki cəhətdən güclü olması onların cinsi zorakılığa məruz qala bilməsi barədə iddiaları hərdən şübhə altına alır. “MaleSuvivor” adlı qrupdan Kurtis Con bildirir ki, çoxları kişilərin qadınlar tərəfindən zorlanmasının mümkün olmadığını düşünürlər: “Amma bəzi hallarda kişilərin “yox” sözü ciddiyə alınmır. Suyu bulandıran digər məqam isə kişilərin cinsi zorakılıq zamanı orqazm hiss edə bilməsi ilə bağlıdır. Psixoloqlar qadın qurbanlardan fərqli olaraq kişilərdən soruşa bilər: Siz zorakılığa məruz qalarkəz ehtirasa gəlmişdinizmi?”
Amma insan haqları təşkilatları kişilərin qadınlar tərəfindən zorakılığa məruz qalmasından danışmağın vaxtı çatdığını bildirirlər.
publika.az