“Sosial şəbəkə əxlaqı zəif olan insanı hərtərəfli məhv edir, əxlaqı güclü olanı da mənən çökdürür”
Həyat tərzi Yaşından asılı olmayaraq əksəriyyətin həyatında önəmli yer tutan sosial şəbəkələr heç də birmənalı qəbul olunmur. Belə ki, xüsusən yaşlı nəsil sosial şəbəkələrin lazımsızlığını qeyd edir, insanı bədbəxtliyə sürükləyən, ailələrin dağılmasına səbəb olan yeganə faktor kimi qəbul edirlər. Gənclər arasında isə sosial şəbəkələr çox önəmli bir vasitə sayılır.
2004-cü ildən indiyədək 1 milyarddan artıq insanı bir yerə toplayan “Facebook” nədənsə şəbəkələr içində “insanı ən çox bədbəxt edən” şəbəkə kimi də tanınır. Şəbəkə sahibi tərəfindən dəfələrlə dəyişdirilsə də, gizliliyi daha da möhkəmləndirilsə də, qeyri-inandırıcı hər hansı bir məlumatdan istifadəçini blok etsə də (istifadədən məhrum etmə) bu gün şəbəkədən zərər çəkənlər, aldadılanlar hələ də var. Həm də kifayət qədər. Üstəlik, digər şəbəkələlə müqayisədə “Facebook”a maraq göstərənlərin sayı olduqca çoxdur. Azərbaycandan 279 100 istifadəçinin qeydiyyatdan keçməsi, son 4 ay ərzində onların sayının 2 dəfə artması da bunun əyani sübutudur.
Proqramçı Kənan Kərimlinin sözlərinə görə, “Facebook”un digər sosial şəbəkələrdən üstünlüyü ondadır ki, şəbəkə bir çox əməliyyatı özündə birləşdirir. Gizli söhbət, açıq söhbət, əngəlləmə, şəkillər və olduğun məkanları paylaşmaq, dostlarınla necə və hansı məsafədə ünsiyyət qurmaq, paylaşılanları müəyyən insan qrupları arasında bölüşmək istifadəçiləri özünə cəlb edir.
Onun dediyinə görə, digər sosial şəbəkələr, məsələn, “Digg” sadəcə söhbət, “Odnaklassniki” qarışıq və sadəcə rus dilini dəstəklədiyi üçün, “İnstagram” gizli söhbətə yasaq olduğu üçün, “Tvitter” şəkil və video paylaşımı baxımından çox qarışıq və telefonla istifadəyə rahat olmadığı üçün “Facebook”dan geri qalır.
“İnsanlar rahata axın etdikləri üçün “Facebook” ən ideal seçim olur. “Usernet” adlanan ilk sosial şəbəkə və ya sosial media 1979-ci ildə yaradılsa da, populyarlıq qazana bilməyib. Çünki o dövrdə şəbəkənin necə istifadə olunması insanlar tərəfindən çaşqınlıqla qarşılanıb və nəticə olaraq qəbul edilməyib” deyən həmsöhbətimiz hesab edir ki, Azərbaycanda “Facebook”a marağın belə sürətlə yayılması həm şəbəkənin rahatlığından, həm də adının efirlərdə daha çox səslənməsindən irəli gəlir.
Psixoloq Qurban Talıblı sosial şəbəkələrin ailə dağıtması fikri ilə artıq razılaşmadığını bildirir. Dediyinə görə, bu gün çox insan sosial şəbəkənin ailə dağıtması fikrini ortaya atır. Onlar keçmişə nəzər salsalar, görərlər ki, ailəni dağıdan səbəb sosial şəbəkə yox, insanın əxlaqi keyfiyyətləridir: “İndi sosial şəbəkələr olduğu kimi, əvvəllər də mobil telefonlar, ev telefonları dəbdə idi. O zaman da telefonla danışanlar, ailəsini satanlar kifayət qədər idi. Onda da cinayətlər baş verirdi. İndiki kimi işıqlandırılmadığına görə, bizə elə gəlir ki, indi günah tək sosial şəbəkədədir. 6-7 il əvvəl mobil çatların dəbdə olduğu dövr olub. Yəni bu, tamamilə əxlaq məsələsidir. Sosial şəbəkə əxlaqı zəif olan insanı hərtərəfli məhv edir, əxlaqı güclü olanı da mənən çökdürür”.
Müsahibimiz deyir ki, şəbəkənin necə bir şey olduğunu öyrənmək, insanlara necə təsir etdiyini daha yaxşı bilmək üçün 4 aya yaxın sosial şəbəkə istifadəçisi olub. Nəticədə isə insanlara psixoloji yardım edən şəxs şəbəkədən qeyri-ixtiyari asılı olub: “Əxlaqi məsələləri bir yana qoysaq, insanın əsəbini pozan ilk məsələ yazdığınız hər hansı bir yazıya dostlarının hansı rəyi yazacağını düşünməkdir. İnsanların hər hansı bir mövzu haqqında şərh vermələri və səbirsizliklə digər insanların şərhlərini gözləmələri vaxt itkisinə səbəb olur. İkincisi, “dostumun da dostudur” deyərək bir müddət sonra geniş çevrəyə sahib olursan ki, insan istər-istəməz hər kəlməsinə diqqət edir. Bir sözlə, insan göyə də qalxar, yerə də dəyər. Boş vaxtda kitab oxumaq vərdişimi dostlarım, bir vaxt tanıdıqlarımın bu qədər il ərzində nə etdiyini öyrənməyə sərf etdiyimi hiss edərək sosial şəbəkədən imtina etdim. Heç kim “şəbəkə ailəmi dağıdır” deməsin. Düşünsün ki, ailəyə qədər şəbəkə onun səbrini dağıdıb, vaxtını alıb, maraqlarını, istəklərini, arzularını puç edib. Ailə isə elə bu səbəblərdən dağılmağa məhkum olub”.
Universitet müəlliməsi Tamilla Qocayevanın sözlərinə görə, məqsədli istifadə olunan sosial şəbəkə ziyandan çox xeyir verə bilər: “İndi hansı tələbəm gəlib deyə bilər ki, mühazirəni oxumamışam, yaxud gəlməmişdim, yazmamışam. Mühazirəni sosial şəbəkənin gizli qrupunda paylaşıram. 26 tələbəmin hamısı görür. Mühazirəni görən tələbələrin adları həmin qrupda “gördü” olaraq qeyd olunur. Tələbə artıq görüb “mən görmədim” deyə bilmir. İstifadəni təbliğ etmək lazımdır. Məncə, müəllimlər bu üsulla daha keyfiyyətli nəticə əldə edə bilərlər”.