Ictimai Televiziyaya (İTV) dövlət büdcəsindən ayrılan vəsaitlər və telekanalın reklam gəlirləri haqqında bilgilər gizli tutulur. İTV “Azadlıq” qəzetinin əməkdaşı Vidadi Məmmədovun telekanala göndərdiyi sorğulara cavab vermir. Maliyyə Nazirliyi isə İTV-nin illik maliyyə hesabatını jurnalistə verməkdən imtina edir. İctimai yayım xidmətinin maliyyə durumunu araşdıran jurnalist məhkəməyə müraciət etməli olub. Oktyabrın 17-də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində Vidadi Məmmədov İTV və Maliyyə Nazirliyinə qarşı işi üzrə məhkəmə prosesi başlayıb. Bu haqda Media Hüququ İnstitutu məlumat verir.
İctimai vəsaitlərin xərclənmə durumuna dair bilgilərin əldə edilməsinə dair jurnalist araşdırması Media Hüququ İnstitutunun (MHİ) “Məhkəmə çəkişmələriylə şəffaflığın inkişaf etdirilməsi” təşəbbüsü çərçivəsində aparılır. “İnformasiya əldə etmək haqqında” Qanuna görə, belə bilgilər açıq bilgi sayılır. Jurnalist araşdırmalarının məqsədi belə bilgilərin açıq tutulub-tutulmadığını araşdırmaqdır.
V.Məmmədov İTV-dən dövlət büdcəsindən ayrılan vəsaitlər, reklam gəlirləri və telekanalın illik maliyyə hesabatını istəyib. İllik maliyyə hesabatı eyni zamanda, hesabatın təqdim edildiyi Maliyyə Nazirliyindən də istənilib. İTV sorğuları cavabsız buraxıb, Maliyyə Nazirliyi isə hesabatı verməkdən imtina edib.
Jurnalistin hüquqlarını Media Hüququ İnstitutunun vəkilləri müdafiə edirlər. Vəkillərin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə təqdim etdikləri iddia ərizəsində informasiya sorğusuna cavab verilməməsinin, habelə Maliyyə Nazirliyinin jurnalistə verdiyi cavabın qanunsuz olduğu, hər iki informasiya sahibinin “İnformasiya əldə edilməsi haqqında” Qanunun tələblərini pozduğu qeyd olunur. Məhkəmədən İTV və Maliyyə Nazirliyinin üzərinə informasiya sorğusunu cavablandırmaq vəzifəsi qoyulması xahiş olunur.
Oktyabrın 17-də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia üzrə hazırlıq iclası keçirilib. Proses noyabrın 15-nə təyin edilib.