Müğənni Elmira Ələkbərzadəni “Uşaqlıqdan reportaj”a dəvət edəndə razılaşdı. Amma çox danışmağı sevmədiyini də bəribaşdan söylədi. Elə dediyi kimi də etdi. Xəsisliklə danışdığı xatirələri tələm-tələsik ipə-sapa düzdü. Anlaya bilmədim, Ema keçmişə dönmək, uşaqlığını xatırlamaq istəmirdi yoxsa? Elə bunu özünə də sual edəndə qətiyyən mənimlə razılaşmadı:”Yox, yox… Nə danışırsan? Mənim uşaqlığım çox maraqlı və qayğısız keçib. Özü də çox məşhur bir ailənin sevimli övladı olmuşam, belə bir ailədə doğulmağımla öyünürəm”.
Elə isə, xatirələrini niyə xəsisliklə paylaşır? Dedi ki, sadəcə, çox danışmağı xoşlamır. Təbii ki, biz də bunu anlayışla qarşıladıq.
“Nənəm çox yemək verirdi ki, kökəlim”
“Xoşbəxt bir ailənin xoşbəxt bir ovladı olmuşam. Üç uşaq olmuşuq – mən, bacım Sevda və qardaşım Zaur. Bacı-qardaşımla aramızda olan münasibətlər başqalarından fərqlənib. Bəzən uşaq vaxtı bacı və qardaşlar bir-birləri ilə dalaşır, küsür, inciyir. Amma bizdə fərqli olub, heç vaxt bir-birimizə güldən ağır söz deməmişik. Bir-birimizlə mehriban davranmışıq, hörmət hissi olub aramızda. Görünür, bu da bizə verilən ailə tərbiyəsindən irəli gəlib. Orta məktəbdə oxuyanda humanitar fənlərə güclü marağım olub. Desəm ki, əlaçı olmuşam, bütün fənlərdən əla qiymətlər almışam, yalan olar. Fizika, kimya, həndəsə, cəbrdən o qədər də yaxşı başım çıxmayıb. Belə deyək də, həmin fənləri yola vermişəm. Xaraktercə mehriban qız olmuşam və sinif yoldaşlarımla dil tapmağı bacarırdım. Əqrəb bürcündən olduğum üçün insanlarla yaxşı yola gedirdim. O vaxtlar toppuş qız idim, məni çox istəyirdilər. Amma arıq vaxtlarım da olub. Nənəm həmin vaxtlarda mənə çox yemək verirdi ki, kökəlim”.
“Özümü atdım maşını qabağına”
“Musiqiyə hədsiz maraq göstərmişəm. Pianoda məharətlə çalırdım və məqsədim də böyüyəndə musiqiçi olmaq idi. Valideynlərimin də bu arzumdan xəbərləri vardı və məni başqa səmtə yönləndirməyi düşünmürdülər. Düzü, gələcəkdə başqa bir peşə ilə məşğul olmaq heç ağlımın ucundan da keçmirdi. Rəhmətlik atam məni hədsiz çox istəyirdi. Özü də hara gedirdisə, məni də aparırdı. Artıq bu bir ənənə halını almışdı, Çingiz müəllimin yanında balaca Elmiranı görməyə hər kəs alışmışdı. Atam, məşhur yazıçı olan Çingiz Ələkbərzadə o vaxtlar həm də bölgə müxbiri idi və tez-tez rayonlara məzuniyyətə gedirdi. Həmin vaxtlardan danışıram… Yadımdadır ki, bir dəfə atam rayona gedirdi, nəsə məni özüylə aparası olmadı. Aman Allah, məni saxlamaqmı olardı? Özümü atdım maşını qabağına və uzandım. Dedim, ölərəm maşının qabağından durmaram. Bütün ailə yığıldı başıma, nə illah elədilərsə, məni o maşının qabağından qaldıra bilmədilər. Axırda atam məcbur qalıb məni də özüylə rayona aparmalı oldu. Rayona getməkdən çox xoşum gəlirdi, çünki məni orda sevib-əzizləyirdilər. Hamı gəlirdi məni görməyə, deyirdilər ki, Çingizin qızı gəlib. Atamın bölgələrdə də xüsusi hörməti vardı, onu çox istəirdilər. Atam bu hörməti özü qazanmışdı”.
Sevdiyim başmaqları sel apardı
“Yadımdadır ki, yay və qış tətillərində Baltikyanı ölkələrə, Kislovodskaya gedərdik. Ən çox da Şöhrət nənəmlə gəzməyə gedirdik. Bir dəfə nənəmlə Kislovodskıya getmişdik. O vaxtlar da qırağı ağ tüklü ev başmaqları vardı, mənə də almışdılar. Sevə-sevə o başmağı geyinirdim. Bir dəfə möhkəm yağış yağırdı, demək olar ki, sel idi. Həmin vaxt nənəmlə biz yolda idik. O, məcbur olub məni belinə şəllədi və körpüdən keçdik. Çox sevdiyim o başmaqları sel körpüdən keçərkən ayağımdan çıxarıb apardı. Çox fikir elədim o başmaqlara görə. Hətta ağladım da”.
“Nənəm xəlvətcə mənə toyuq qızardırdı”
“Uşaqlıqda qəribə xasiyyətim vardı. Şəkil çəkdirməkdən çox qorxurdum. Elə ki, məni şəkil çəkdirməyə aparırdılar, səsimi atırdım başıma. Elə ağlayırdım, sanki ətimi kəsirdilər. Məni sakitləşdirmək mümkün olmurdu, hətta nə qədər oyuncaq, konfet versələr də, başımı aldada bilmirdilər. Səbəbini də başa düşmürdüm. Evdə belə vəziyyətdə çəkilmiş bir-iki şəklim də olmalıdır. Bir qəribəliyim də vardı, yemək yeyəndə çox kaprizli olurdum. Ümümiyyətlə, hər şeyi yeməzdim, ağız-burun büzərdim. Sulu xörəkləri heç sevməzdim. Buna görə də nənəm xəlvətcə mənə toyuq qızardırdı, onu yalnız mən yeyirdim. Allah rəhmət eləsin, Şöhrət nənəm məni yaman çox istəyirdi. Hər kaprizimə dözürdü. Nazımla oynamaqdan yorulmazdı”.
“Deyirdi ki, bu qız dahi piano çalan olacaq”
“Babamla da bağlı xatirələrim çoxdur. Əbülhəsən babam hər kəs bilir ki, məşhur Azərbaycan yazıçısı olub. Müharibə vaxtı Sevastopola qədər gedib çıxıb. Babam çox hörmətli bir şəxsiyyət idi, hamı ona hörmətlə yanaşırdı. Babamın əsərlərini biz də sevə-sevə oxuyurduq. Həmişə mənim piano çalmağımı dinləyib, deyirdi ki, bu qız dahi piano çalan olacaq. Elə Sevdanın da çox istedadlı qız olacağını bilirdi, rəhmətlik bizi çox istəyərdi”.
“Heç vaxt oğlanlarla sevgi münasibətləri qurmazdım”
“Bülbül adına Orta İxtisas Musiqi Məktəbində oxuduğum vaxtlarda həyatım çox maraqlı keçirdi. Hər adam burda oxuya bilməzdi, bunun üçün xüsusi istedad lazım idi. Mənim yeniyetməlik çağlarım yalnız piano arxasında keçib. İşim-gücüm yalnız piano və musiqi idi. Musiqiyə bir hobbi kimi deyil, həyat tərzi kimi baxırdım. Başqaları əyləncə yerlərinə gedəndə, vaxtını xoş keçirəndə mən piano arxasında oturub saatlarla dünya və Azərbaycan bəstəkarlarının əsərlərini səsləndirirdim. Yox, oğlanlara ünsiyyətim heç yadıma gəlmir. Məni oğlan-zad maraqlandırmırdı. Həm də ailəmiz mühafizəkar idi, bizə elə tərbiyə vermişdilər ki, yalnız dərsimizlə məşğul idik. Ay oğlanlarla danışaq, sevgi münasibətləri quraq-belə şeylər təbiətimə yad idi. Qəşəng qız idim, təbii ki, ətrafımda məni bəyənənlər çox idi. Amma mən heç vaxt oğlanlarla sevgi münasibətləri qurmazdım. Deyirəm də… bizi başqa cür tərbiyə etmişdilər. Durub desəm ki, bizi qapalı böyüdüblər, yalan olar. Müasir, ziyalı bir ailəmiz olub. Özü də Azərbaycanda çox məşhur və hörmət olunan bir ailənin övladı olmuşam. Amma tərbiyəmiz bizi kənar əyləncələrə meyl etməyə imkan verməyib. İndi fikirləşəcəksiniz ki, bu qızın həyatında heç kim olmayıb, darıxdırıcı keçib. Yox, mən belə düşünmürəm. Həyat yoldaşımı sevirəm, o məni indi də balaca qızcığaz kimi əzizləyir. Hara gedirəmsə, mənimlədir. Elə bir məclis olmaz ki, Emil mənim yanımda olmasın. Sevinirəm ki, o mənim həyatımın kişisidir. Bütün qadınlara belə sevgi və xoşbəxtlik arzulayıram”.