Rusiya paytaxtında qətl törətməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalov məhkəməyə gətirilib. Moskva sakini Yeqor Şerbakovun ölümündə təqsirli bilinən həmyerlimiz Orxan Zeynalovun məhkəməsi başlayıb. Modern.az saytı İTAR-TASS-a istinadən bildirir ki, Orxan Zeynalov məhkəmə salonunda özünün polisə verdiyi ilk ifadəsini inkar edib. O, tərcüməçi vasitəsilə hadisəni törətmədiyini bildirib.
“Mən razı deyiləm, mən öldürməmişəm”, – deyə O.Zeynalov tərcüməçi vasitəsilə fikirlərini bildirib. O, məbləği qeyd etmədən pul ilə girov ödəmək müqabilində azad edilməsini istəyib.
Qeyd edək ki, Yeqor Şerbakovun qətlində şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalov Moskva ətrafındakı Kolomna şəhərində saxlanılıb və vertolyotla Moskvaya aparılıb. O, ilkin dindirmə zamanı qətli törətdiyini etiraf edib.
Moskvanın Presnenski Rayon Məhkəməsində keçirilən prosesdə istintaq orqanlarının Orxan Zeynalovun barəsində həbs-qətimkan tədbirinin seçilməsi barədə iddiasına baxılır.