Satıcılar, alıcılar, qəzet rəhbərliyi satışın qadağan edildiyini bildirir, qarşı tərəf isə təkzib edir, nəticədə qəzetlər acınacaqlı duruma düşüblər…
Ölkədə müxalifyönlü qəzetlərə qarşı yeni kampaniya başlanıb. Bir neçə gündür ki, Bakı Metropoliteninin stansiyalarında müxalifət mətbuatının satışına qadağa qoyulub. Aidiyyatı qurumlar məsələ ilə bağlı susmağa üstünlük verir, yaxud ya xəbəri təkzib etməklə məşğuldur. Qəzet rəhbərlərinin problemi çözmək cəhdi də alınmır. Satıcılar bildirirlər ki, bir neçə qəzetin – “Yeni Müsavat”, “Azadlıq” və “Gündəm xəbər”in satışı metro ərazisində qadağan edilib.
Redaksiyamıza gələn onlarla oxucu zəngindən və satıcıların verdikləri məlumatlardan sonra oktyabrın 18-də metrostansiyalara baş çəkib vəziyyətin dəyişib-dəyişmədiyini öyrənməyə çalışdıq. “Əhmədli”, “Neftçilər”, “Xalqlar dostluğu” metrostansiyalarında vitrinə qoyulan qəzetlərin arasında adıçəkilən qəzetləri görmədik. Satıcıların bir neçəsi bildirdi ki, bir neçə gündür bu qadağa qüvvədədir: “Bizə dedilər ki, yığışdırın, biz də yığışdırdıq”. Satıcılar iddia edirlər ki, qadağa özlərini polis kimi təqdim edən mülkü geyimli şəxslər tərəfindən gəlib. Bəzi satıcılar isə qeyd etdilər ki, qadağanın səbəbləri barədə onlara heç nə deyilməyib: “Sadəcə gəlib deyirlər ki, yığışdırın, satmayın”. Öyrəndik ki, qadağa bütün stansiyalara aiddir və metropoliten ərazisində qəzet satışı ilə məşğul olan şəxslərə göstəriş yalnız özlərini polis kimi təqdim edənlər vasitəsi ilə deyil, həm də yayım işini həyata keçirən firmalar tərəfindən də verilib.
Qeyd edək ki, “Yeni Müsavat” rəhbərliyi məsələ ilə bağlı Bakı Metropoliteninin rəisi Tağı Əhmədovla əlaqə saxlayıb. O, xəbəri qeyri-ciddi adlandırıb və bildirib ki, o, bu barədə heç kimə göstəriş verməyib, belə bir göstərişin kiminsə tərəfindən verilməsi haqda onda məlumat yoxdur və bu xəbər doğru deyil.
“Yeni Müsavat”ın baş direktoru Ələsgər Süleymanovun sözlərinə görə, qəzetin Bakı Metropoliteninə məxsus metrostansiyaların tunellərindəki köşklərdə satılmasına qoyulan qeyri-rəsmi və müəmmalı qadağa redaksiyanı çökdürə bilər. Onun sözlərinə görə, bu gün mətbuat yayımı müəssisəsindən həmişəki kimi 1200 yox, 500 nüsxə qəzet götürən satıcılara xəbərdarlıq edilib ki, götürdükləri qəzetləri verildiyi kimi də geri qaytarmalıdırlar və bir nüsxə belə sata bilməzlər. Ə.Süleymanov bunun olduqca kritik və həyəcanverici bir durum yaratdığını söyləyir. Qeyd edək ki, bir neçə qəzetə tətbiq olunan bu gözlənilməz qadağanın konkret müəllifi və səbəbləri hələlik bəlli deyil. Bununla belə, güman olunur ki, qəzetlərin satışının əngəllənməsi 9 oktyabr seçkilərinin nəticələrinə həsr olunmuş kütləvi aksiyalarla bağlıdır və insanları informasiya blokadasına almaq cəhdidir. Baş direktorun sözlərinə görə, qəzetlə 10-15 ildir ki, əməkdaşlıq edən yayımçılar satışa polisin imkan vermədiyini vurğulayır, qarşı tərəf isə DİN səviyyəsində bunu təkzib edir.
Qeyd edək ki, metropoliten hər gün “Yeni Müsavat”dan təxminən 1200-1300 nüsxə götürürdü. İndi isə qəzet bu hesabla ayda təxminən 36-38 min ədəd qəzet sata bilməyəcək. Bu qədər qəzetin nominal dəyəri 14 – 15 min manatdır. Redaksiyaya qalan məbləğin isə 6 min manat ola biləcəyini hesablasaq, qəzetlərin bu prosesdən ciddi zərər çəkəcəyini anlamış olarıq.
“Azadlıq” qəzetinin redaktoru Sücəddin Şərifov bildirir ki, problem çox ciddidir və heç bir qurumdan konkret cavab ala bilmirlər: “Bizimlə heç bir səlahiyyətli şəxs kontakta keçməyib, heç kimlə danışa bilmirik. Mətbuat Şurasının sədri Əflatun Amaşovla da hələ danışmaq bizə nəsib olmayıb. Deyib xaricdəyəm, danışa bilmirəm. Metropoliten rəhbərliyi ilə danışmaq cəhdimiz də alınmayıb. Mən də metroda qəzet satanlarla danışmışam, onlar qadağanın ciddi olduğunu bildirirlər və bir neçə qəzetin satılmamasına göstəriş verildiyini vurğulayırlar. Biz bu məsələdə “Yeni Müsavat”la məsləhətləşib birgə addımlar atacağıq, durumumuz yaxşı deyil”.
Mətbuat Şurasının sədri Ə.Amaşov isə “Yeni Müsavat”a açıqlamasında bildirib ki, o, bir neçə gün Gürcüstanda olub və qəzet yayımı ilə bağlı yaranan son problemdən xəbərsizdir. O, ölkəyə qayıdan kimi problemlə məşğul olacağını və aidiyyatı qurumlara müraciət edəcəyini söyləyib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov isə deyib ki, polisin bu məsələyə heç bir qarışacağı yoxdur: “Polis metrodakı ticarət obyektlərinə və satış prosesinə qarışmır. Polis heç kimə göstəriş verməyib ki, qəzet satmayın. Polis yalnız təhlükəsizliyi və aşayişi təmin edir. Metropolitenin polis şöbəsinin rəisi ilə danışmışam, o da təkzib edib. Polis heç bir qəzetin satıcısına, yayıcısına, oxucusuna təzyiq etmir”.
Media Hüquqları İnstitutunun (MHİ) rəhbəri Rəşid Hacılı da baş verənləri pisləyib. O, bunu həm satışla bağlı imzalanan müqavilənin pozulması, həm də ölkədə söz, ifadə azadlığına olan basqı kimi qiymətləndirib. MHİ Bakı Metropolitenindəki köşklərdə müxalifyönlü ”Azadlıq”, “Yeni Müsavat”, və “Gündəm xəbər” qəzetlərinin satışının yasaqlanmasını pisləyən bəyanat da yayıb: “MHİ tənqidi məzmunu ilə seçilən qəzetlərə qarşı ayrıseçkilik edilməsinin onları əsas gəlir mənbəyi olan yayım vəsaitlərindən məhrum etməklə sıradan çıxarmaq, müxalif fikirlərin yayılmasını önləmək məqsədi daşıdığını, bunun ölkədə ifadə azadlığına ciddi qorxular yaratdığını vurğulayır”.
MHİ satışı yasaqlanan qəzetlərin, xüsusilə də ”Azadlıq” və “Yeni Müsavat” qəzetlərinin sərt tənqidi mövqeyi ilə tanındığını, bütövlükdə ölkədə fərqli, müxalif fikirləri yayan azsaylı nəşrlər olduğunu xatırladır: “Satışdan daxil olan vəsaitlərin hesabına yaşayan bu nəşrlər tənqidi məzmunlarına görə reklam gəlirlərindən tamamilə məhrumdurlar. Siyasi hakimiyyətdən asılı olan biznes qurumları reklam gəlirlərinin qapılarını onların üzünə tamamilə bağlayıblar. Azərbaycanda qəzet yayımı sektoru tamamilə hökumətdən asılı olan biznes qurumlarının əlindədir. Yayım firmalarının satışdan qəzetlərə külli miqdarda borcu yığılıb. Təkcə “Azadlıq” qəzetinə olan borcun məbləği 20 min manatdan artıqdır. Hökumətə bağlı olan yayımçılar tənqidçi qəzetlərə olan borclarını ödəməkdən imtina edirlər”.
MHİ eyni zamanda hökumətin son illərdə adı çəkilən tənqidçi qəzetləri sıradan çıxarmaq məqsədilə ən müxtəlif basqılara əl atdığını yada salır. Həmin nəşrlərdə çalışan tənqidçi jurnalistlər peşə fəaliyyətinə görə təkcə 2012-ci ildən bəri azı 50 dəfə fiziki, psixoloji basqıya məruz qalıblar. Bu basqı hallarının heç biri ədalətli araşdırılmayıb. ”Azadlıq” və “Yeni Müsavat”a qarşı məmurlar tərəfindən onlarla diffomasiya iddiası qaldırılıb, məhkəmələr bu iddiaların əksəriyyətini təmin ediblər. Qəzetlərin, onların əməkdaşlarının üzərinə 100 min AZN-dən artıq cərimə yükü qoyulub.
Qurum müxalif düşüncələrin, ideyaların topluma ötürülməsində əsas vasitə olan azsaylı qəzetlərə qarşı basqıları, hökumətin bütövlükdə ölkədə bilgi əldə etmək hüququna yaranan təhlükəni diqqətə almamasını kəskin qınayır. MHİ Azərbaycan hökumətini tənqidçi qəzetlərə qarşı ayrıseçkilik tətbiq olunmasını önləməyə, müstəqil, siyasi hakimiyyətin təsirindən tam sərbəst yayım sektorunun formalaşdırılması istiqamətində addımlar atmağa çağırır.
Son olaraq isə onu deyək ki, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu rəhbərlik etdiyi qəzetin satışının Bakı Metropoliteninin stansiyalarındakı köşklərdə yasaqlanması ilə bağlı “Bakı Metropoliteni”nin rəisi Tağı Əhmədova məktub göndərib.
Məktubda oktyabrın 15-dən etibarən Bakı Metropoliteninin stansiyalarında “Yeni Müsavat”, qəzetinin satışına əngəllər yaradıldığı bildirilir və bu yazıda göstərilən faktlar rəsmiləşdirilir.
Məktubda həm də qeyd edilir ki, redaksiyanın “Metroservis” rəhbərliyi ilə əlaqə yaradıb, məsələni müzakirə etmək cəhdləri boşa çıxıb.
Yeri gəlmişkən, oktyabrın 18-də baş çəkdiyimiz şəhərdəki köşklərdə də “Yeni Müsavat” və “Azadlıq” qəzetləri satışda olmayıb. “Qasid” köşklərindən birində qəzet olsa da, digərindən bildirilib ki, onlara bu qəzetləri satmamaq tapşırılıb və buna əməl edirlər. Yaşıl rəngli yeni köşklərdən isə bildirilib ki, onlara mülki geyimli şəxslər yaxınlaşıb müxalifət qəzetlərini satmamağı tapşırır, əks halda köşkün bağlanacağı ilə hədələyirlər.