Hakimiyyət qəzetlərin satışına qadağa qoymaqla media nümayəndələrini radikal addımlar atmağa sövq edir
Bakı Metropoliteninin stansiyalarında “Azadlıq” və “Yeni Müsavat” qəzetlərinin satışına oktyabrın 17-dən qoyulan qadağa davam edir. Bir neçə gündür ki, adıçəkilən qəzetlərin rəhbərləri problemlə əlaqədar aramsız bəyanatlar verir, həyəcan təbili çalır. Amma dövlət strukturları ölkənin iki ən tirajlı qəzetinin yayımına qoyulan qadağa ilə bağlı heç bir izahat vermir.
“Azadlıq”ın baş redaktorunun birinci müavini Rahim Hacıyev də deyir ki, hakimiyyət strukturları öz mənafelərinə uyğun bildikləri məsələlərə dərhal münasibət bildirirlər. Amma söhbət müstəqil mətbuata yaratdıqları problemdən gedəndə susurlar: “Susmaq isə o anlama gəlir ki, bilavasitə hakimiyyət özü bu işi təşkil edib. Ona görə də bu qədər müraciətlərə heç bir münasibət bildirilmir”.
Metro stansiyaları əhalinin daha çox hərəkət etdiyi yerlərdəndir. Belə çıxır ki, burada saqqızdan tutmuş, pal-paltara qədər hər şey satmaq olar, ancaq qəzet yox. Rahim Hacıyev bildirir ki, bu, açıq-aşkar redaksiyaların maddi vəziyyətini daha da pisləşdirmək, onların bağlanmasını sürətləndirmək məqsədi daşıyır: “Bütün dünyaya car çəkib deyirlər ki, Azərbaycanda azad mətbuat var. Amma əməllərilə bu cür bəyanatların ağ yalan olduğunu sübut edirlər. Bu o deməkdir ki, hakimiyyət strukturları növbəti dəfə, həm də ciddi şəkildə azad mətbuatı sıradan çıxarmaq istəyir”.
Qeyd edək ki, “Binə” Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədovanın iddiası üzrə məhkəmənin “Azadlıq”ın üzərinə qoyduğu 32 min manatın ödənilməsi üçün qəzetə oktyabrın 24-nə qədər vaxt verilib. Digər tərəfdən, Azərbaycan Nəşriyyatının rəhbərliyi “Azadlıq”dan qısa müddətdə 5 min manat tələb edir: “Eyni vaxtda bir neçə istiqamətdən bizə qarşı total hücum başlayıb. Özləri də yaxşı bilirlər ki, bizim bu pulu ödəmək imkanımız yoxdur. Sadəcə, bizi sıradan çıxarmaq məqsədilə qarşımıza bu cür tələblər qoyulur. Bütün mövcud imkanlardan istifadə edərək, mübarizəmizi davam etdiririk. ”Azadlıq” qəzetinin yaşaması üçün imkanımız daxilində çalışırıq. Güman edirəm ki, ölkə ictimaiyyəti, o cümlədən azad sözün, azad mətbuatın mövcudluğunun nə qədər böyük əhəmiyyət kəsb etdiyini başa düşən insanlarımızla birgə bu hücum dalğasını dəf edə biləcəyik”.
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu deyir ki, “Eurovision” yarışması zamanından başlayan “tiraj sıxma” əməliyyatı davam edir: “O zaman 80-ə yaxın stendlər şəhərdən yığışdırıldı. Səbəb kimi Bakını pis göstəêêrdiyini deyirdilər. Söz vermişdilər ki, musiqi yarışmasından sonra geri qaytaracaqlar. Ancaq qaytarmadılar. Daha sonra ”Qasid” yayım firmasına aid köşklərin 153-ü götürüldü. Onların yerinə qoyulan “Press-kiosk” quraşdırıldı. Bunlar da müxalifyönlü qəzetləri satmaqdan imtina etdilər. Bu proses davam edir. Indi də üçüncü mərhələ başlayıb, metro stansiyalarında müxalifyönlü qəzetlərin satışı faktiki qadağan edilib. Nəticə etibarilə “Yeni Müsavat” qəzeti gündəlik 3 min nüsxə tiraj itirib. Bu isə aya 90 min nüxsə deməkdir. Eyni vəziyyəti “Azadlıq” qəzeti də yaşayır”.
Rauf Arifoğlu onu da qeyd edib ki, bu qadağaları yarmaq üçün ötən gün Müsavat partiyası Gənclər Təşkilatının üzvlərilə qəzetin əməkdaşlarının birgə aksiyasını təşkil ediblər: “Metro stansiyalarında ”Yeni Müsavat” qəzetini satmağa təşəbbüs göstərdik, qarşımızı aldılar, əməkdaşlarımızı və gəncləri polis saxladı. Qəzetlər, fotoaparat əllərindən alındı, şəkillər pozuldu”.
Rauf Arifoğlu başqa bir təklif də irəli sürüb: “Təklif edirəm ki, gələn həftədən həm ”Azadlıq”, həm də “Yeni Müsavat” qəzetlərinin əməkdaşları, eyni zamanda, cəmiyyətdə tanınan simalar, hüquq-müdafiə təşkilatlarının rəhbərləri, köşə yazarları, baş redaktorlar əllərində qəzet şəhərin mərkəzində, metro stansiyalarında medianın müşayiətilə “Azadlıq” və “Yeni Müsavat” qəzetini satmağa başlasınlar. Görək əməkdaşlarımıza sözləri nə olacaq? Biz istənilən halda təslim olmaq fikrində deyilik. Azərbaycan ərazisində qəzet satmağa lisenziyamız var. Biz vergi veririk. Buna rəğmən, bizə maneçilik törədirlər. Biz də buna qarşı cəmiyyəti səfərbər etmək niyyətindəyik”.
musavat.com