Bu gün Azərbaycanda 263 ömürlük məhbus var. Onların arasında ağır cinayətlərə görə həbs olunanlarla yanaşı, siyasi məhbuslar da mövcuddur. Bunu Modern.az-a açıqlamasında Ömürlük Məhbusları Müdafiə Komitəsinin sədri Müslümət Rzaxanova deyib. Onun sözlərinə görə, Azərbaycanda ölüm hökmü – güllələnmə cəzası ləğv olunarkən 136 məhbusdan yalnız 77 nəfəri sağ imiş.
“Ötən ilin məlumatına görə, Qobustan həbsxanasında 263 nəfər ömürlük həbs cəzası çəkir. Təkcə 1996-1997-ci illər aralığında ömürlük həbs cəzası çəkənlərin siyahısına 77 məhbus əlavə olunub. Məhkumlar arasında 80 yaşlı bir nəfər dünyasını dəyişdi. Ən cavan məhbus isə Məmməd Məmmədovdur. O, 2001-ci ildə 21 yaşında ömürlük həbs cəzası alıb. İndi onun 33 yaşı var”.
Qeyd edək ki, Azərbaycanda ölüm hökmü 1998-ci ilin fevralında ləğv olunub. 2000-ci ildə qəbul edilən Cinayət Məcəlləsində ən yüksək cəza – güllələnmə ömürlük həbs cəzası ilə əvəzlənib. Bundan sonra Milli Məclisin qərarı ilə əvvəllər güllələnməyə məhkum olunanların hamısının cəzası avtomatik şəkildə ömürlük həbsə dəyişdirilib. Bəzi hüquq müdafiəçiləri hesab edir ki, bu məhbusların bir qisminin cəzası müddətli həbslə əvəz olunmalıdır. Çünki onların məhkum olunduqları dövrdə ömürlük həbs kimi bir cəza növü olmayıb.
Ömürlük məhbuslar arasında qadınların olmadığını deyən Müslümət Rzaxanova Qobustan həbsxanasındakı acınacaqlı vəziyyətdən də danışıb. Onun sözlərinə görə, məhkumların məktubları əlaqədar orqanlara, ombudsmana həbsxana rəhbərliyi tərəfindən oxunmamış göndərilmir.
“Hətta məxfi olaraq göndərilən məktublar da açılır, oradakı sənədlər götürülür. Qəzetlərə abunə yazılan məhbuslara qəzetlər verilmir. Hətta orada elə məhbuslar var ki, hansı səbəb də ömürlük həbs cəzası almalarını bilmirlər. Məhbusların prezidentə, ombudsmana, nazirə yazdığı məktublar açılıb oxunur və göndərilmir. Məhbusların hər hansı bir problemi mütləq döyülərək cərimə təcridxanasına salınmaqla həll olunur”.
Ömürlük həbsə məhkum olunanlar arasında siyasi məhbusların olduğunu da deyən Müslümət Rzaxanova onların qanunsuz yerə həbs çəkdiyini də söyləyib. “Elçin Əmiraslanov, Arif Kazımov, İsaxan Poladov illərlə təcrid olunan siyasi məhbuslardır. Hələ mən onların yarısının adını bilmirəm. 20 ilə az qalıb ki, onlar siyasi dustaq kimi həbs çəkir. Onlara mövcud olmayan maddə ilə ömürlük həbs cəzası verilib. Çünki onların həbs olunduğu zaman ən ağır cəza 15 il olsa da onlar hələ də ömürlük həbs çəkirlər. Halbuki ömürlük həbs cəzası 2001-ci ildə tətbiq olunub”.